«Neftçi» maraqlar meydanıdır. Maliyyəsi dövlətdən ayrıldığından daim ora sahiblik etmək istəyənlər olur, mübarizə aparırlar və qalib gələn təyinatı reallaşdırır. Klubu ələ keçirmək, onun idarəetməsinə yiyələnmək vəzifə baxımından yüksəlmək perspektivi vəd etdiyindən, nüfuz gətirdiyindən daim önəmli olur.
İndiki durum da fərqli deyil. Hazırda himayədarlar rəhbər seçimi məsələsi ilə məşğuldur və bu, klanlararası müharibəyə çevrilib. Ona görə də komandaya məşqçi təyinatı reallaşanda həm də yuxarılarda kimin qalib olduğu aydınlaşacaq.
Hazırkı prezident Orxan Hüseynzadə günlərini sayır. Baş məşqçi Elxan Abdullayevin istefasından sonra növbə onundu və bu adam haqqında yuxarı dairələrdə fikirlər müsbət deyil. 1 il ərzində klubu özünə gətirmək üçün heç bir iş görə bilməyən, komandanın mövsümü 7-ci pillədə tamamlamasına bais olan Hüseynzadə boşuna zaman itirib. Onun bacarıqsızlığının nəticəsidir ki, yeni mövsüm də pis başlayıb və ilk 2 turda məğlubiyyətlər sıralanıb.
Bu səbəblərdən Orxan bəyin postunda qalması mümkünsüzdü. Abdullayevin istefasından sonra nəfəs dərmək üçün vaxt qazanan rəhbərlik, «Kəpəz»lə bugünkü matçda qələbə arzulayır ki, yerlərində müvəqqəti də olsa, möhkəmlənsinlər. Çünki ardınca çempionatda fasilə yaranacaq və manevr etmək imkanları olacaq.
Artıq Hüseynzadənin himayədarlarının da ona etibarı qalmayıb. Təzyiqlər çoxaldıqca Orxan bəyi müdafiə edə bilməyəcəklərini anlayan AFFA-nın baş katibi Elxan Məmmədov və havadarları alternativ variantlar üzərində işləyir. Belə ki, indi klubun əldən getməməsi üçün hədəfdə olan adamı dəyişmək niyyətindədilər. Necə ki, Elnur Məmmədov Hüseynzadə ilə əvəzlənmiş, klub idarəçiliyi əldə saxlanmışdı, indi də Orxan bəyi bir başqası ilə dəyişmək istəyirlər.
SOCAR-dakılar tərəddüd içindədir, «Qarabağ»ın uğurları da bir yandan onları təzyiq altında saxlayır. İdarəetmədə ideal modelin nəticəsi kimi sıralanan uğurların qarşısında onların ictimaiyyət arasında müqaviməti zəifləyir və klubu tapşırmaq üçün layiqli namizəd axtarırlar. Elxan Məmmədov indiki sistemi saxlamaqda maraqlıdır, monopoloyalarındakı qazanc mənbəyindən imtina etmək istəmirlər.
Maraqlıdır ki, baş katibin dəstəsində «Neftçi»də rəhbərliyə gəlmək istəyən müəyyən qruplar var. «Sumqayıt»ın prezidenti olan Kamran Quliyev illərdi arzusunda olduğu «Neftçi»yə can atır. Lakin Elxan Məmmədovun dostu SOCAR-da qəbul olunmur. Hüseynzadənin gözdən düşdüyü bir məqamda baş katib sponsorların da maraq göstərəcəyi bir nəfərin üstündə dayanıb.
Zaur Qəhrəmanov «Neftçi»nin Müşahidə Şirasının üzvüdü. Klubun indiki vəziyyətə düşməsində əsas günahkarlardan olsa da, bəzən öz qazancı üçün ümumi maraqları ayaqlasa da, yenə vəzifə həvəsinə düşüb. Atası SOCAR-da vitse-prezident olduğundan baş katib də Qəhrəmanovun «Neftçi»yə gəlməsinin əleyhinə deyil - ümumi maraqlar üst-üstə düşür.
Elxan Abdullayevin istefası bu cütlüyü bir qədər də yaxınlaşdırıb. Bu məşqçinin «Neftçi»yə göndərilməsi adaşının planı idisə, onunla yeni – üçillik müqavilə bağlanması birbaşa Qəhrəmanovun təşəbbüsüydü. Və baş məşqçinin postundan uzaqlaşdırılmasından onların heç birinin xəbəri olmayıb. Elxan Abdullayevi ərizəsini yazmağa məcbur edən klubun vitze-prezidenti Elnur Eyvazov olub. Maraqlıdır, deyilmi? Klubda başverənlər başqa adamların adıyla bağlıdır, prezident Hüseynzadə sadəcə, sıradan fiqurdur və heç nəyə təsir imkanı yoxdur. Bu da onun artıq vurulduğunu, mütləq göndəriləcəyini göstərir.
Elxan Məmmədovun kluba sahibliyini davam etdirməsi, Qəhrəmanovu və ya bir başqasını vəzifəyə gətirməsi üçün öncə «Neftçi»nin içindəki müharibədə qalib olması lazımdı. Təsisçinin adamı kimi kluba yerləşdirilən Eyvazov maliyyənin əsas nəzarətçisidir və o da Hüseynzadənin himayədarları ilə müharibəyə başlayıb. Bu səbəbdən baş katibin dəstəsi vitse-prezidenti hansısa formada gözdən salıb oyundan kənar qoymaq istəyirlər ki, planlarını həyata keçirsinlər. Lakin Eyvazov da arxalı adamdı və asan təslim olmayacaq.
Belə qarışıq şəraitdə «Neftçi»nin baş məşqçi seçməsi çətin məsələdir. Öncə cəbhələrdə qalib müəyyənləşməlidi. Amma sponsorların bu adamlardan heç birinə etibarı qalmayıb. Hüseynzadə qovulduqdan sonra digərlərini də yaxına buraxmaq istəmirlər. Komandaya yeni nəfəs lazımdı və hazırda etibarlı kadr axtarışı davam etdirilir. İndiyədək o qədər səhv edilib ki, risk də asan deyil, amma edilməldir.
Düzünə qalsa, «Neftçi»ni dirçəltmək üçün adı çəkilənlərin hamısını klubdan uzaqlaşdırmaq lazımdı. «Neftçi» bacarıqsızlığıyla yadda qalan bu adamların heç birinə tapşırılmamalıdır. «Qarabağ», «Qəbələ» nümunə kimi götürülməli, yeni sistem yaradılmalıdı. Komandanın əla büdcəsi var – onu dağıdanlar yox, uğur üçün düzgün istiqamətləndirənlər seçilməlidir. Əks halda, «Neftçi» yenə ölkə futbolunun üz qarası olaraq qalacaq.