Necə yəni?!
Çox sadəcə. Orta məktəb attestatını alan hər növcavan kağız-kuğuzunu qoltuğuna vurub istədiyi ali məktəbdə tələbəliyə başlaya bilməlidir.
Amma əsas başlamaq deyil, bitirməkdir.
Bundan ötrü isə qəbul yox, ali məktəblərin özündəki imtahanlar sərtləşdirilməlidir.
İndiki tələbə qəbulu sisteminin sərt və şəffaf qaydaları mərkəzləşmiş qaydada ali məktəblərdəki imtahan sessiyalarında tətbiq olunmalıdır.
Hər ay keçirilən imtahanlarla ələmələr aparılmalıdır.
Hətta bir adamın arzuladığı ixtisasa yiyələnməkdən ötrü 5-6 ili auditoriyada yelə verməsi də şərt sayılmamalıdır. İnsan istənilən yaşda lazımi proqramları, tədris materiallarını əldə edib, imtahanları vaxtı-vaxtında verməklə təhsil sənədi əldə edə bilməlidir.
Yoxsa görürsən ki, biri uşaq-yeniyetmə olanda təhsilin dəyərini bilməyib. Bəlli bir yaşa qədər ali təhsil imkanı əlindən çıxıb. İndi isə haradasa balaca bir işdə işləyir və ətrafına baxıb anlayır ki, əgər ali təhsili olsaydı, daha yaxşı karyera qura bilərdi. Adamın səhvini düzəltmək üçün əqli imkanları var. Amma artıq qatar gedib. Bu yaşdan sonra repetitor yanına yollanıb qəbul imtahanında iştirak edəsi deyil. Və ya biri vaxtilə ali təhsil alıb amma indi ixtisasını dəyişmək istəyir. Olmazmı?! Belələrinə də şans verilməlidir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış bir çox mütəfəkkirlərin tərcümeyi-halına baxırsan ki, çoxu ali məktəbi dinləyici kimi bitirib. İndi də ali məktəblər yubanmadan qapılarını dinləyicilərin üzünə açmalıdır. İmkan yaratmalıdırlar ki, öyrənib özünü inkişaf etdirmək istəyən hər kəs universitet professorlarının mühazirələrini dinləyib axırda imtahan verə bilsin. İnternet resursları bu mühazirələrin videoları ilə doldurulmalıdır.
Qoy vaxtı olmayan öz dilimizdə həmin videolara baxıb təhsilini də, diplomunu da beləcə alsın.
Universitet auditoriyalarından internet vasitəsilə canlı yayımlar təşkil edilməlidir.
Universitetlər sözün əsl mənasında bazar olmalıdır. Amma bu bazarda bilik satılmalıdır. Və bu biliyi arzusunda olan, ehtiyac duyan hər kəs ala bilməlidir.
Müştəri adi bazarda kartof-soğanı, göy-göyərtini seçib aldığı kimi tələbələr də ödədikləri təhsil haqqı qarşılığında keyfiyyətli bilikləri, bu bilikləri öyrədən müəllimləri seçmək imkanına malik olmalıdırlar.
90-cı illərin sonlarında hər dəfə gecə vaxtı BDU-nun yanından keçəndə o zaman özümün də təhsil aldığım bu universitetin bəzi pəncərələrindən işıq gəldiyini görüb xoş hisslər keçirərdim. Düşünərdim ki, indi də o otaqlarda tələbələr, müəllimlər var (onda axşam təhsili qalırdı), dərs keçilir. Məncə XXI əsrdə o cəmiyyətlər irəli gedəcək ki, onların universitetlərinin pəncərələrindən səhərə qədər işıq gəlsin.