VAXT.AZ xəbər verir ki, Almaniyanın nüfuzlu «Die Welt» qəzetində dərc olunmuş «Çempionlar Liqasında vətənsiz, qaçqın klub» başlıqlı yazıda qeyd olunub ki, «Qarabağ» təkcə Ağdamın deyil, bütün Azərbaycanın qürurudu: «Qarabağ» (Ağdam) – bu komanda Çempionlar Liqasında çıxış edir. Dağlıq Qarabağ bölgəsini təmsil edən bu kiçik klub 1993-cü ildən ev oyunlarını Ağdamda keçirə bilmir. «Qarabağ» Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandasıdı.
«Kopenhagen»lə oyundan sonra vətənə qayıdan komandanı hava limanında minlərlə azarkeş qarşıladı. Onlar oxudu, rəqs etdi və qəhrəman futbolçularına dəstək verdilər. Azarkeşlər hələ «Kopenhagen»lə oyun başa çatan kimi Bakı küçələrinə çıxaraq komandalarının zəfərini qeyd etdilər.
1990-cı illərdən başlayan Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin düşüb və hələ də geri qayıda bilmir. «Qarabağ» isə «qaçqın» komanda adlanır. Klubun vətəni olan Ağdam o zamandan etibarən «ruhlar şəhərinə» çevrilib. «Qarabağ» klubu 1993-cü ildən bəri ev oyunlarını müxtəlif şəhərlərdə keçirib və nəhayət, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qərarlaşıb. «Kopenhagen»lə oyundan sonra komandanın kapitanı Rəşad Sadıqov qürurla bildirib ki, biz çətin sınaqlardan keçmişik.
«Qarabağ» ardıcıl 4 il Azərbaycan çempionu olsa da, Çempionlar Liqasının qrup mərhələsində oynamaq bu komanda üçün çətin olacaq. Klubun illik büdcəsi 12 milyon avrodu. Bu, hər futbolçunun illik gəlirinin orta hesabla 480 min avro olması deməkdi. «Real»ın futbolçusu Kriştiano Ronaldo bu məbləği bir həftəyə qazanır. Baş məşqçi Qurban Qurbanov bundan sonra 1 və ya 2 futbolçu transfer edəcəklərini açıqlayıb.