Məlumatda deyilir: «Bugün səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş vermişdir.
Dövlət başçısının tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılmışdır.
Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunmuşlar.
Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri almış, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmamışdır.
Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.
Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanmış, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.
Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilir».
***
Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.
Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.
Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.
Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.
Mirələm Cəlalov virtualaz.org-a onu da bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir. «Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik», - o bildirib.
***
10:42
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti təcili məlumatla çıxış edib.
Məlumatda deyilir: «Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.
İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur».
Sosial şəbəkələrdə yayılan məlumatlara görə partlayış hərbi hissənin «Qrad» raketləri saxlanılan anbarında baş verib.