Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb. Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.
***
Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.
Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.
Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır.