Ali Məhkəmə çoxlarının böyük mataqla izlədiyi bu məsələni müzakirə etmək üçün xüsusi yay sessiyasına toplaşıb. Baş hakimin sözlərinə görə, adətən belə məsələlərlə bağlı dinləmələr illərlə çəkir.
Baş nazir Narendra Modi «Twitter»dəki rəsmi hesabında bu qərarı «tarixi» adlandırıb.
«Biz bu qərarı tam alqışlayırıq. 10 ildir ki, əhalinin 8 faizi onun qadağan olunması üçün mübarizə aparır. Odur ki, bu, böyük bir yüngüllükdür», - Hindistan Müsəlman Qadınları Hərəkatının (BMMA) həmtəsisçisi Nurcahan deyir.
Hindistan dünyanın müsəlmanlar yaşayan ikinci ən böyük ölkəsidir. Ancaq Pakistan, Banqladeş və İndoneziya kimi müsəlman əhalinin böyük olduğu digər ölkələrdən fərqli olaraq, bu ölkədə hələ də «3 dəfə talaq» praktikası davam edirdi.
Talaq ətrafındakı ziddiyyət onun müasir cəmiyyətlərdə tətbiqi ilə bağlıdır. İslam dininə görə, bu, bir neçə həftə ərzində çıxarılan niyyətli və düşünülmüş qərar olmalıdır.
Ancaq gündəlik həyatda kişilər bu addımı heç bir xəbərdarlıq olmadan verir və beləliklə çox zaman qadının həyatını alt-üst edirlər. Çox zaman kişi bu addımı qəzəbindən atır. Bəzənsə o bunu hətta «Whatsapp» mesajı vasitəsilə edir.
Caypurdan olan 30 yaşlı Farha bu adətdən əziyyət çəkən çoxsaylı qadından biridir. Farhanın əri 2016-cı ilin oktyabrında, bayram zamanı onu boşayıb. Kişi qızının fişəng almaq üçün ondan beş rupi pul istəməsindən qəzəblənərək üç dəfə «talaq» sözünü deyib.
Farha-nın əri brilyant alveri ilə məşğul olan ailə şirkətində çalışsa da, qadına hər hansı maddi vəsait ödəmədən onu təkbaşına buraxıb. «Boşanandan bəri mənə bircə rupi də verməyib», – Farha CNN-ə deyib. Pulu olmadığına görə o, keçmiş ərinin evini tərk edə bilməyib.
Talaq adəti rəsmən qadağan edilmədiyi zaman məhkəmənin belə işlərə baxması çətin olur. Buna görə də, Farha kömək üçün BMMA-ya müraciət edib. Bu qurumun dəstəyilə o, öz boşanma işini icmasının digər üzvləri qarşısına çıxara bilib. İcmanın təzyiqi ərini ona aliment verməyə məcbur edib.
Mart ayında «3 dəfə talaq» adətinə qarşı petisiyanı milyonlarla qadın imzalayıb. Ancaq bu, talaqla bağlı Ali Məhkəməyə təqdim edilmiş ilk şikayət deyil.
Hələ 1985-ci ildə Şah Bano adlı bir qadın Ali Məhkəmədə hər hansı vəsait ödəmədən onu tərk edən ərinə qarşı iş qaldırıb. Nüfuzlu vəkil 70 yaşlarında olan keçmiş arvadına az da olsa maddi vəsait ödəmirmiş. Məhkəmə qadının xeyrinə qərar çıxarsa da, müsəlman dini liderlər bu qərarı dini kimliyə qarşı yönəlmiş addım adlandırıblar.
Onlar hökuməti dini qanunlarla idarə olunmalı olduğunu düşündükləri sahəyə öz qanunlarını yeritməkdə ittiham ediblər.
Hindistanda ailə məsələləri ilə bağlı hər bir dini icmanın öz qanunları var. Bu məsələlərdə hinduistlər öz dini mətnlərinə, xristianlar İncilə, müsəlmanlarsa Qurana istinad edirlər.
Hüquqşünas alim Tahir Mahmud deyir ki, ümumən gündəlik praktikada «Hindistan ailə hüququ sistemi çox qarışıqdır».
Hindistan müstəqil olandan bəri bir çox siyasətçilər Vahid Mülki Məcəllə adlı qanunun tətbiqini təklif ediblər. Bu qanun bütün vətəndaşları vahid sistem altında birləşdirməli idi.
Hindistanın indiki hökuməti də bu qanunu dəstəkləyir.
Yeni məhkəmə qərarının əleyhdarları üçlü talaq adətinin qadağan olunmasının onların dini hüquqlarının yox olmasına və Vahid Mülki Məcəllənin qüvvəyə minməsinə yol açacağından qorxurlar.
Hindistanın baş naziri Narendra Modi 2016-cı ildə ilk dəfə bu adətə qarşı çıxıb. O deyib ki, Hindistan müsəlman qadınlarının həyatlarının telefonda deyilmiş üçcə sözlə alt-üst edilməsinə imkan verə bilməz. Onun bu yanaşması partiyasının Uttar Pradeş ştatındakı yerli seçkilərdə mühüm qələbə qazanmasına yol açıb. Modi bir həftə öncə Hindistanın müstəqilliyinin 70 illiyi münasibətilə keçirilən mərasimdə bu məsələni yenidən qaldırıb.
Ancaq müsəlman qadınların özləri üçün bu məsələ siyasət yox, bərabərlik məsələsidir.
«Məni yaradan məni başqa bir insandan asılı, ...sadəcə qadın olduğuma görə kişidən əskik yarada bilməz», - BMMA-in həmtəsisçisi Nurcahan deyir.