Vaxt.Az

Qərblə münasibətləri baltalamaq kimə lazımdır?


 

Hoqlandın Dağlıq Qarabağla bağlı açıqlamalarına və Mehman Əliyev həbsinə sözardı

Qərblə münasibətləri baltalamaq kimə lazımdır? Ötən həftə amerikalı həmsədr Qarabağ məsələsinin həlli ilə bağlı nisbətən bizim xeyrimizə sayıla biləcək açıqlamalarla çıxış etdi.

Əslində həmsədr Riçard Hoqlandın qeyd etdiyi elementlər yeni deyil, onun sələfi Ceyms Uorlik də Madrid prinsipləri əsasında eyni elementləri sadalamışdı. Amma Hoqlandın açıqlamalarında 2 mühüm detal var. Birincisi, Madrid prinsiplərinin ən mübahisəli və qeyri-müəyyən hissəsi olan Dağlıq Qarabağın yekun statusu ilə əlaqədar ABŞ diplomatı bildirdi ki, status hər iki tərəfin razılığı əsasında müəyyən olunaraq referenduma çıxarılmalıdır. Əvvəlcə ətraf rayonlar qaytarılacaq (5 yox, 7), bütün məcburi köçkünlər evə dönəcək, Dağlıq Qarabağa müvəqqəti status veriləcək, sülhməramlılar gələcək, ən sonda tərəflər oturub yekun statusu razılaşdıraraq onu referenduma çıxaracaqlar. Bu, o deməkdir ki, bizim razılıq verməyəcəyimiz məsələ referenduma çıxarıla bilməz, yəni referendum və qoyulacaq sualın müəyyənləşdirilməsində dayatma, zorla qəbuletdirmə olmayacaq.

İkinci detal DQ ilə Ermənistan arasında dəhliz məsələsidir. Ermənilər bu dəhlizə Laçın rayonunun hamısını və əlavə olaraq Kəlbəcərin də bir hissəsini aid edir. Rusiyanın zaman-zaman mediaya sızan planlarında da 5 rayon söhbəti xüsusi yer tutur. Hoqland isə Kəlbəcərin adını çəkmədi və dəhlizin yalnız Laçının bir hissəsini əhatə edə biləcəyini vurğuladı.

Mən bu həll prinsiplərini ideal və bizim maraqlarımıza tam cavab verən prinsiplər kimi təqdim etməkdən uzağam. İdeal variant bu olardı ki, Xorvatiya üsulu ilə bu problemi birdəfəlik, yerli-dibli həll edəsən. Amma hamının bildiyi səbəblərlə buna imkan verilmir və yəqin ki, verilməyəcək. Ona görə də, əgər münaqişə sülh yolu ilə həll olunacaqsa, amerikalı həmsədrin qeyd etdiyi elementləri və bu elementlərin həyata keçirilməsi ilə bağlı onun yorumunu məqbul saymaq olar. (Təsadüfi deyil ki, Hoqlandın çıxışı Ermənistanda narahatlıqla qarşılandı.) Bu, həm də onu göstərir ki, biz bəlkə də ABŞ və Fransa ilə yaxından işləyib, nisbətən əlverişli şərtlərlə bu münaqişənin yoluna qoyulmasına nail ola bilərik.

Lakin nə hikmətdirsə, Hoqlandın açıqlamaları Azərbaycanda gündəmə çevrilmədi. Halbuki iqtidarımız bu cür fürsətləri əldən buraxmırdı və adətən belə məqamlarda ekspert, deputat şərhləri, analitik məqalələr, teleproqramlar vasitəsilə bu məsələni gündəmdə saxlayırdı, uğurlu siyasətin nəticəsi kimi təqdim edirdi. Bu dəfə belə olmadı. Əvəzində bütün dünyada ciddi rezonans doğuracağını bilə-bilə Mehman Əliyev kimi Azərbaycanın beynəlxalq miqyasda ən tanınmış jurnalistini, İA rəhbərini həbs etdilər. Və həmsədr ölkələr - ABŞ və Fransadan sərt etiraz bəyanatları gəldi. (ATƏT-in yeni təyin olunmuş media azadlığı üzrə nümayəndəsi də fransızdır və o da birmənalı sərt reaksiya verdi).

Yəni Qərblə münasibətləri baltalamaq, körpüləri yandırmaq niyyətini sezməmək mümkün deyil. Postsovet məkanında malik olduğu şəbəkələr və davam edən münaqişələr Rusiya üçün Qərbin bu bölgəyə müdaxiləsini əngəlləmək və xalqları əsarətdə saxlamaq üçün ən etibarlı vasitə olaraq qalır...

 





28.08.2017    çap et  çap et