Vaxt.Az

Ağır külqabı


 

(Sevən xanımlara ithaf edirəm)

Ağır külqabı Dedim, yəni mən də səhər-səhər bu Bakının küçələrində «bir kısmat» gəzim, heyhat, gəzintimi burnumdan gətirdilər.

Ayağında dikdaban ayaqqabı, əyninə azacıq dəbli don geymiş bir gözəl xanım məndən öndə tələsik harasa irəliləyirdi. Birdən arxadan gələn inomarka maşın xanımın yanında yavaşıdı, şüşəsi aşağı endi və sükan arxasındakı cavan oğlan başını çölə çıxarıb qıza belə bir kompliment söylədi: «Ceyrandee, ceyran! Hara gedirsən, cana, əyləş aparım səni! Səninlə getməyin yeri var!» 

Oğlanın yoğun boynuna heç də uyğun gəlməyən balaca başı, heyvərə bədəni və dizlərinə tökülən yekə qarnı vardı. Bahalı maşının sükanı arxasında çox arxayın görünürdü. Ona elə gəlirdi, qız bu dəqiqə maşının qapısını açıb içəri atılacaq. Qız isə onun sözlərinə məhəl qoymadan dikdabanlarını taqqıldadaraq irəliləyirdi. İnomarka onun getdiyi səkiyə sürtünə-sürtünə diyirlənirdi. Maşındakı yenə başını tısbağa kimi «çanaqdan» çıxarıb hırıldadı: «Ceyran, o can alan ayaqlarına heyfin gəlmir? Naz eləmə, gəl otur gedək!» 

Xanım ona ötəri nəzər salıb: «Çıx get, öz tayını tap!» – dedi.

Dikdabanın bu sözlərindən «inomarka» daha da qızışdı: «Cana, olmaya xətrinə dəydim? Otur maşına, gedək, özünü yaxşı aparsan univermaqdan sənə qızıl boyunbağı da alacam! Nə qədər desən pulum var, kalanam!» 

Qız bu eybəcər məxluqa tərəf dönüb hirslə: «Mənə sənin qızılın lazım deyil, get özünə qızıl diş düzəltdir! Kakraz, ağzında bircə o çatışmır!»- dedi. 

Dikdaban cavab verdikcə «inomarka» elə bilirdi artıq onu «bişirib», odur ki, əl çəkmək istəmirdi. Sevinə-sevinə: «Dillərinə quzu kəsərəm ee, sənin!»- deyib, maşını onunla yanaşı sürürdü. 

Elə bu heynidə, əlində təsbeh tutmuş üzü tüklü, qaraköynək bir oğlan qarşı tindən peyda oldu. İnomarkadan iyrənmiş qız təsbehlinin qarşısına yüyürərək: «Ay qardaş, bu idbar bayaqdan məni bezdirib, səni and verirəm allaha, ona de, çıxıb getsin!»- deyə yalvardı. Təsbehli üzünü inomarkaya tutub blatnoy bir əda ilə: «Səə nə lazımdalə?» – dedi. İnomarka heç bir cavab vermədən qaza basıb sürətlə oradan uzaqlaşdı.

Dikdaban bu yardımına görə ona təşəkkür edib yoluna davam eləmək istəyərkən təsbehli soruşdu: «Ceyran, tək-tənha belə hara gedirsən? Bəlkə sənə bir taksi tutum, aparım hara lazımdı?»

Xanım ona yenə öz təşəkkürünü bildirib işə doğru tələsdi. Təsbehli dikdabanın arxasınca çatıb: «Ceyran, bəlkə tanış olaq, adın nədi? Gördüüün, səni o peysərin əlindən necə aldım? Heç olmasa adının baş hərfini de mənə!» – söylədi. 

Yazıq qız ondan tezcə aralanmaq üçün addımlarını yeyinlətdi. Təsbehli qızın arxasınca qaçaraq ondan əl çəkmirdi.

Bu zaman, yellənə-yellənə orta yaşlı bir kişi gəlib onlara çatdı. Dikdaban kişiyə tərəf gedib qorxu içində: «Ay dayı, sən balanın canı, bu oğlanı məndən arala, bayaqdan əl çəkmir, qoymur işimə-gücümə gedəm!» – deyə zarıdı. 

Kişi oğlanı tərs-tərs süzərək: «Nə işin var alə, xalxın qızıynan, utanmırsan? Çıx get öz işivin dalıycan!» – deyib, təsbehliyə təpindi. Təsbehli: «Ağsaqqal, gedirəm daa, ta niyə hirslənirsən? Feyzbukda da oxumuşam, nervilənmək cana ziyandı! Özün yaxşı bilirsən ki, pak qız uşağı küçəyə tək çıxmaz! Hindi mən neynədim ki ona? Prosto, adını soruşurdum daa!» – deyə, üyüdüb tökdü. Kişi ona təzədən təpindi: «Alə, davay bas bayıra, haydı! Hələ söbət xırdalayır məniyçün! Davay-davay, get işinlə məşğul ol!»

Təsbehli arxasına baxa-baxa onlardan uzaqlaşdı. 

Dikdaban xanım ağsaqqalın bu ibrətamiz hərəkətinə görə ona təşəkkür eləyib yoluna davam eləyirdi ki, ağsaqqal qarnını yellədə-yellədə onun arxasınca çatıb: «Ay gözəl, ay maral, ay canan, ey çeşmi-xumar, hara tələsirsən, bəlkə bu kafelərin birində oturub dərdləşək?»

Dikdaban yenidən minnətdarlıq edib aralanarkən kişi onun biləyindən yapışdı. Qız qolunu onun əlindən zorla çıxarıb qaçmağa başladı. Kişi yüyürüb yenidən ona çataraq: «Ceyran, nə gözəl biləyin var, öldürdün məni! Səni sevdim, özüm də ailədən ayrılmışam, bu saat dulam, gəl evlənək. İnan mənə, bu yaşda yalan danışmaq yaraşmaz, səni görən kimi vuruldum! Birinci onu fikirləşdim ki, görəsən, bu hara maralıdı? Səndən ötəri ölürəm. Getmə, mən ölüm! Bax, mənə razı olmasan ya səni öldürəcəm, ya da özümü!» – dedi və cibindən qatlama bıçaq çıxartdı. 

Elə bu zaman boynundan yoğun qızıl zəncir asmış bir cavan oğlan təsadüfən qarşı tindən çıxıb üzü bəri gəldi. Dikdaban qaça-qaça həmin oğlana çatıb arxasında gizləndi. Oğlan öz arxasına fırlanaraq: «Noolub ay qız sənə?»- deyə, təccüblə soruşdu. Rəngi ağarmış dikdaban titrəyən barmağını ağsaqqala tərəf uzadaraq: «Bu kişi məni öldürmək istəyir!»- dedi. 

Qızıl zəncirli sinəsini irəli verib əlində bıçaq tutmuş kişidən: «A kişi, niyə öldürürsən bu yazığı? Günahı nədi? Qohumundu? Qızındı? Nəyindi sənin? Olmaya namussuzluq eləyib?»- deyə, soruşdu. 

Kişi əlindəki bıçağı qatlayıb cibinə qoyaraq: «Çaşma alə, qız nədi, nə qızım? Allah eləməsin mənim belə qızım ola! Özüm də bilmədim bu nədən qorxdu. Yəqin başı xarabdı! Ayağındakı dikdabanı görmürsən? Abırlı qadın belənçinə şey geyər? Bıçağı çıxarıb özümçün alma soymaq istəyirdim. Gördüm, bu çıxdı böyrümdən ki, bəs məni öldürmək istəyirsən. Dedim, a bala, mənim səninlə nə işim? Çıx get öz işivin-gücüvün dalıycan! Kimə deyirsən? Əl çəkmir ki, yox, məni öldürmək istəyirdin. Belələri adamın üzünə durub tutdurar da, haa!»- söyləyib, onlardan uzaqlaşdı. 

Qızıl zəncirli hürkmüş xanıma xumar bir nəzər salıb: «Gördün dəə, kişi məndən necə qorxdu? Ceyransan ee, ceyran! Sənə küçədə tək gəzmək olmaz! Gir qoluma, hara istəyirsən aparım səni. Buralar oğru-quldurla doludu, qardaş canı, çantanı da əlindən qaçırda bilərlər. Gir qoluma, ceyran! Gözlərin can alır ee, can, hi-hi-hi!»

Xanım ağsaqqaldan xilas olduğuna görə qızıl zəncirliyə minnətdarlığını bildirib yoluna davam eləməyə başladı. Qızıl zəncirli cəld onun qarşısını kəsərək təzədən eşq elan eləməyə girişdi: «Ceyran, səni hara buraxıram, dedim axı, burda təkcə gəzmək apasnıdı? Adın nədi sənin? Yeksən ee, yek! Gedək səni iş yerinə ötürüm, axşam da qarşına çıxım. Səni bara aparacam. Görən kimi o qara gözlərinə vuruldum, ee. Qaşlarının da yeri var aaa! Əl çəkmərəm səndən, mən ölüm! Ürəyimin döyüntüsü...» 

Nitqinin bu yerində dikdaban qəfildən çantasını fırladaraq onun başına çırpdı. Qızıl zəncirli başını tutaraq «oy mama!» deyib yerə çökdü. 

Dikdaban ayaqqabılarını çıxarıb əlinə aldı və sürətlə oradan uzaqlaşdı. Növbəti tini dönüb tövşəyə-tövşəyə çantanısı açdı. Yox, sevdiyi oğlan üçün hədiyyə aldığı iri şüşə külqabı sınmamışdı. 

Gənc xanım ürəyində «Budur sevginin gücü! Budur bu əhvalatın xəlqiliyi! Yaşasın siqaret çəkən sevgilim! Yaşasın külqabı!» şüarlarını səsləndirərək iş yerinə tərəf cumdu.

 





28.08.2017    çap et  çap et