Vaxt.Az

«Qoymayın, deputat evimizi əlimizdən almaq istəyir»


 

İqbal Məmmədovun tələb etdiyi mənzillərin sahibləri Prezidentə də müraciət etdilər

«Qoymayın, deputat evimizi əlimizdən almaq istəyir» Milli Məclisin deputatı İqbal Məmmədov 654 min dollar verib almaq istədiyi üç mənzilə görə bir məhkəmə işini başa çatdırmamış, daha bir məhkəmə iddiası qaldırıb. Lerikin deputatı indi də paytaxtın Xətai rayonunun sakinləri ilə məhkəmədə çəkişir.

Deputat bundan öncə 2008-ci ildə Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanındakı binada üç mənzili ona satmış «STS» şirkətini və binanı inşa etmiş «Sahil-D Company»ni məhkəməyə vermişdi. Xətai Rayon Məhkəməsi belə nəticəyə gəlib ki, İqbal Məmmədov pulu «STS»ə ödədiyinə görə ödədiyi 654 min dollar bu şirkətdən alınıb ona qaytarılmalıdır. Amma bu qərar pulu yox, hazırda başqa adamların yaşadığı mənzilləri tələb edən deputatı qane etməyib. Ona görə də qərardan apellyasiya şikayəti verib. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

Paralel olaraq, mübahisə predmeti olan üç mənzildə yaşayanlara qarşı da iddia qaldırıb. Bu işə hazırda Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyev baxır.

 

«Evlər deputatın mülkiyyətinə verilməlidir»

 

Məhkəmədə deputatın nümayəndəsi deyib ki, «STS»lə «Sahil-D Company»nin adları fərqli olsa da, demək olar ki, eyni şirkətlərdir. Hətta onların hüquqi ünvanları da eynidir. Nümayəndə iddia edir ki, mübahisəli mənzillərdə yaşayan sakinlərin özlərinin binanı inşa edən «Sahil-D Company» ilə müqavilə bağlayıb ev almaları, deputatın isə səlahiyyəti olmayan «STS» şirkətinə pul verməsi haqda arqumentləri əsassızdır. Nümayəndənin fikrincə, o adamlarla bağlanmış müqavilə etibarsız hesab olunmalı, evlər İqbal Məmmədovun mülkiyyətinə verilməlidir.

«Sahil-D Company»nin təmsilçisi isə deyib ki, müqavilənin özündəki tərəflər onu mübahisələndirmirsə, deməli, etibarsızlığından da söhbət gedə bilməz.

Deputatın tələb etdiyi üçotaqlı mənzillərdən birinin sahibi Sərdar Əliyevin nümayəndəsi Bəxtiyar Hacıyev bildirib ki, əvvəla, deputat bu məsələni mübahisələndirmək üçün iddia müddətini ötürüb. İkincisi, bu mənzil Sərdar Əliyevin mülkiyyətində ola-ola səlahiyyəti olmayan «STS» şirkəti onu İqbal Məmmədova satıb. Ona görə də məsuliyyəti qanuni yolla mülkiyyətə sahib olmuş vətəndaşlar yox, «STS» şirkəti daşımalıdır.

Vəkil hesab edir ki, əslində, İqbal Məmmədovla «STS» şirkəti arasında bağlanmış müqavilə etibarsız hesab olunmalıdır.

 

Əməkhaqqı ilə topladığı 700 min dollara yaxın pulu...

 

Vəkilin vəsatətindən məlum olub ki, sözügedən binaların ərazisi iş adamı İsgəndər Xəlilovun rəhbərlik etdiyi «ISR Holding»ə məxsus imiş.

«Birgə fəaliyyət haqqında müqavilədən və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamından görünür ki, binanın ərazisi «İSR Holding»ə, o ərazidə binaların tikilməsi və mənzillərin satılması hüququ isə yalnız «Sahil-D Company» MMC-yə məxsusdur. Amma Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimova da müəyyənləşdirib ki, hörmətli millət vəkili əməkhaqqı ilə topladığı 700 min dollara yaxın pulu «STS» şirkətinə ödəyib. Əsas məsələlərdən biri də budur ki, əqdin etibarsız hesab edilməsinə dair məhkəmələrin tətbiq etdiyi iddia müddəti də keçib. Ona görə də İqbal Məmmədovun iddiası təmin olunmamalıdır», – cavabdehlərdən Sərdar Əliyevin vəkili vəsatətini əsaslandırarkən belə deyib.

Məhkəmənin vəsatətlə bağlı qərarı isə sentyabrın 5-də keçiriləcək növbəti iclasda məlum olacaq.

Deputatın tələb etdiyi mənzillərin sahibləri məsələylə əlaqədar Prezidentə də müraciət ediblər.

«Qoymayın, İqbal Məmmədov öz təsir imkanlarından istifadə edib, evimizi əlimizdən almaq istəyir», – deputatın məhkəmədə çəkişdiyi vətəndaşlar dövlət başçısına məktubda belə yazıblar.

 





29.08.2017    çap et  çap et