Futbolinfo.az xəbər verir ki, «Neftçi»nin yeni baş məşqçisi postuna namizədlərdən heç biri ilə ciddi danışıqlar aparılmayıb. Klub rəhbərliyinin zəif nəticələr üzündən öz taleyi də sual altında olduğu üçün sponsorlar qərar verməyə tələsmir. Əcnəbi mütəxəssis gətirmək üçün maliyyə imkanı yoxdu, yerli məşqçilər arasında isə seçim imkanı geniş deyil. Həm də indiki rəhbərliyin sözü ilə oturub-duracaq çalışdırıcıların bacarıq səviyyəsi «Neftçi» kimi klub üçün qənaətbəxş sayılmır.
Belə çətin durumda rəhbərlik müvəqqəti baş məşqçi olan Elşad Əhmədovu ən azı qışa kimi bu postda saxlamağı düşünür. «Kəpəz»lə 3-cü tur matçına komandanı çıxaran məşqçiyə «gəncəliləri ud, baş məşqçi kimi təsdiqlən» vədi verən rəhbərlik yenə oxşar təklifə hazırlaşır. 0:0 bitən həmin matçda komandanın nisbətən yaxşı oynaması idarəçiləri ümidləndirib. İndi də Əhmədova sentyabrın 10-dakı qarşılaşma nişan verilib. Elşad bəy Sumqayıtda komandaya qələbə qazandıra bilsə, baş məşqçi kimi təsdiqlənəcək.
Əlbəttə, hər gün nələrinsə dəyişdiyi klubda bu da son söz olmaya bilər. Çünki artıq «Neftçi»də indiki bacarıqsız idarəçilərə etibar edilmir, kluba daha yüksək səviyyədə nəzarət var. Ona görə də hər an paytaxt təmsilçisinin düşərgəsindən yeni xəbər ala bilərik.