Vaxt.Az

«İxvan əl-Səfa» gizli cəmiyyəti


 

Abbasilər xilafətinin çiçəklənən şəhəri Bəsrədə müsəlman filosofların yaratdığı gizli birlik

«İxvan əl-Səfa» gizli cəmiyyəti Müasir dövrümüzün konspirasiya nəzəriyyələrini dünyanı idarə edən qlobal güclər, gizli cəmiyyətlər, yeraltı təşkilatlar kimi mövhumlar idarə edir. İnsanlar həqiqətən masonlar, satanistlər və digər cərəyanların dünyanı idarə etmə potensialı olduğuna inanır.

Daha qədimdə, Abbasilər xilafətinin çiçəklənən şəhəri Bəsrədə müsəlman filosofların gizli cəmiyyəti vardı.

Bu cəmiyyət «İxvan əl-Səfa» (Saf Qardaşlıq) adlanırdı. VIII və X əsrlərdə fəaliyyət göstərmiş bu cəmiyyətdə sultanlardan, alimlərdən tutmuş sadə tacirlərə, musiqiçilərə və hətta çobanlara kimi hər tip insan var idi.

Cəmiyyətin gizli sayılmasının səbəbi müəyyən aralıqlarla görüşlərin baş tutması, ənənəvi tarixlər və üzvlərin çox azının bilinməsi idi.

Cəmiyyətin öz qanunları vardı və bu qanunlara əməl etmək məcburi idi. Bu qaydalara görə bütün qardaşlar bir-birinə təmənnasız köməzım gələrsə öz həyatını qardaşının uğrunda qurban verməli idi.

Görüşlər hər ayda üç dəfə baş tutur, bundan əlavə Novruz bayramı, Payız gecə-gündüz bərabərliyi, Yay gündönümü kimi önəmli təbiət hadisələri olan günlərdə bir yerdə olurdular.


Qərbi formalaşdıran əsrarəngiz din


Bu görüşlərdə fəlsəfə, ədəbiyyat və elm müzakirə olunurdu. Onlar özünü İdris peyğəmbərin davamçıları sayırdılar.

Əfsanələrə görə İdris Babil bölgəsində peyğəmbərlik etmiş, qələmi kəşf etmiş, ulduzları və yerin coğrafi ölçülərini öyrənmiş - qısası, elmlə məşğul olmuş ilk peyğəmbər olmuşdur. «İdris» adının ərəbcə söz olan «dərs»lə eyniköklü olması da buna işarə edirdi.

Zamanın hakimiyyətindən - Abbasilər dövlətindən və xəlifələrdən gizlənən bu alimlər öz aralarında dərəcələr də yaratmışdılar.

Birinci dərəcə «sənətkarlar» adlanırdı. Bu dərəcəyə 15 yaşından üzvlər qəbul edilirdi. İkinci dərəcə 30 yaşlıların qəbul edildiyi «siyasətçilər» dərəcəsi idi. Üçüncü dərəcə daha qocaların - 40 yaşlıların - «hökmdarlar» pilləsi idi. Ən yüksək pillə «peyğəmbər və filosoflar» pilləsi idi ki, bu dərəcədə ən kamil üzvlər dayanırdı.

Bu şəxslər Sokrat, İsa və Məhəmməd kimi şəxslər sırasında sayılırdılar. Dövrün digər müsəlman müəllifləri onlar haqqında eşitmiş və onları kafir kimi damğalamış, şaiyələr yaymışdılar.

Onlar dövrlərinin ilk ensiklopediyalarından sayılan «Rəsail İxvan əl-Səfa»nı da yazmışdılar.

Bu ensiklopediya 52 cilddən ibarət olub cəmiyyət haqda məlumat da verirdi.

Cəmiyyət üzvləri fərqli imzalarla yazırdılar. Onlar hakimiyyətdən qorxmadıqlarını qeyd edirdilər. Deyirdilər ki, gizli qalmaqlarının səbəbi heç də fani həyatın itməsi qorxusu deyil, öz sirlərinin sadə insanlara aşkar olması qorxusundandır.

Ensiklopediyada riyaziyyat, musiqi, həndəsə, astronomiya, coğrafiya, metallurgiya və meteorologiya kimi bir çox təbiət elminə yer verilmiş, din də müzakirə olunmuşdu.

Psixologiyadan, sevgidən və ölüb yenidən dirilmədən bəhs edən məqalələr də bu ensiklopediyada öz yerini tapmışdı.


Abbasilərin sonu


Qardaşlıq astrologiya ilə də məşğul idi. Onların hesablamalarına görə kitabın yazıldığı tarixdən 330 il sonra Abbasilər xilafəti çökəcək və İxvan (Qardaşlıq) hakimiyyəti öz əlinə alacaqdı.

Onlar bütün dinləri bir bayraq altında birləşdirəcəklərini elan edir, insanlara başqalarının dinində mənfilər axtarmaqdansa özlərinə baxmağı tövsiyə edirdilər.

Onlar şəriəti sadə insanlar üçün qanun saysa da, özlərinin və özləri kimi aydınların fəlsəfə və dünyəvi qaydalara tabe olmasının tərəfdarı idilər.

Kitab 1150-ci ildə xəlifə əl-Müstəncidin əmri ilə yığışdırılmış və yandırılmışdı. Ensiklopediyanın türkcə və farsca variantları isə gizlədilib saxlanılmış, günümüzəcən çatmışdır.

Şərq dünyası, Qərb dünyasından elm baxımından geriyə qalmır, Antik Yunanların - Sokrat və Aristotelin - xristianlar tərəfindən unudulmuş əsərlərini yenidən gündəmə gətirərək texnologiyaya və mədrəsələrə tətbiq edirdilər.

Təəssüf ki, tarixin bir çox qaranlıq dövründə olduğu kimi dövrün mövcud iqtidarı daha çox dəstək alan xurafatın tərəfində olmuş, hakimiyyəti əlində saxlamaq üçün elmdən imtina etmişdi.

Gələcək həqiqətən də «Qardaşlar»ın təxmin edəcəyi kimi olacaqdı - 300 il sonra Abbasilər xilafəti dağılacaq, onları hökümətdə hər dindən və hər millətdən üzvlər olan - çinli alimlər, türk hərbçiləri və filosofları tərəfindən idarə edilən Monqol imperiyası əvəz edəcəkdi.

 





29.08.2017    çap et  çap et