Vaxt.Az

Dörd tanınmış jurnalist Mehman Əliyevə zamin durur

Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu Prezident İlham Əliyevə müraciət etdi

Dörd tanınmış jurnalist Mehman Əliyevə zamin durur Azərbaycanın tanınmış 4 jurnalisti «Turan» İnformasiya Agentliyinin həbsdəki direktoru Mehman Əliyevin azadlığa buraxılmasına yardım etməsindən ötrü Prezident İlham Əliyevə müraciət göndərib.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, «Jurnalistikanın inkişafına yardım Mərkəzi»nin rəhbəri Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu M.Əliyevin məhkəməyədək azadlığa buraxılmasından ötrü zamin durduqlarını müraciətlərində ifadə ediblər.

Müraciətdə M.Əliyevin Azərbaycan mediasının özünüidarəçilik mexanizminin formalaşmasında böyük xidmətlərinin olduğu vurğulanır.

«M.Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib. Ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb. Digər tərəfdən, hazırda vergi orqanlarının «Turan» Agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin M.Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur. Agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və həmkarımızı uzun müddət tanıyan şəxslər kimi əminik ki, etməyəcək. Bunun təsdiqi üçün biz M.Əliyevə zamin durmağa hazırıq», - müraciətdə deyilir.

Müraciətdə qeyd edilir ki, M.Əliyevə irəli sürülən ittihamlar iqtisadi xarakterlidir. Ancaq bu həbs ictimai rəydə jurnalistin peşə fəaliyyətinə görə, təqib olunduğu görüntüsü yaradır.

«M.Əliyevin, həqiqətən, hakimiyyətin fəaliyyəti ilə bağlı ardıcıl tənqidi çıxışları olub. Lakin onlar etik qaydalar və qarşı tərəfə hörmətli münasibət çərçivəsindən kənara çıxmayıb», – müraciət müəllifləri qeyd edirlər.

Onlar daha sonra yazırlar: «Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb. Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız».

Ölkə başçısından istintaq dövründə Mehman Əliyevin azadlığa buraxılmasından ötrü müvafiq göstəriş verməsi xahiş edilir.

Mehman Əliyev saxlandıqdan sonra Mətbuat Şurası da prezidentə müraciət etmişdi. Həmin müraciətdə prezidentdən xahiş edilirdi ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyini əsirgəməsin.

Xatırladaq ki, avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Dünən, avqustun 28-də isə «Turan» İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar «Turan» İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə «Turan» İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

29.08.2017    çap et  çap et