Vaxt.Az

Ağayev haqda sensasion iddia


 

Milli «1 nömrə» «Qəbələ»nin güdazına gedib?

Ağayev haqda sensasion iddia Kamran Ağayev Azərbaycanın bir nömrəli qapıçısıdır. Bunu inkar etmək ən azından haqsızlıq olardı. Kamranın millidə, «Xəzər Lənkəran»da çıxışları, qurtarışları bəlkə də çoxlarının yadındadır. Lakin «1 nömrə»nin son günlərdə gündəmə bu cür gəlməsi heç də ürəkaçan deyil.
Artıq sözügedən qolkiper «Bakı»dan göndərilib. Bunun səbəbi isə mətbuatda müxtəlif səbəblərlə izah olunur. Gah Kamranın paytaxt klubunda qruplaşma yaratdığı, gah «ərköyünlük» etdiyi üçün komandadan göndərildiyi bildirilir.
Lakin bir iddia da var. Həm də bu, digərləri ilə müqayisə də daha inandırıcı görsənir. Sən demə, Kamran Ağayev «Bakı»dan əbəs yerə qovulmayıb, daha doğrusu, transferə çıxarılmayıb. Buna səbəb «Bakı»nın 18-ci turda «Qəbələ» ilə keçirdiyi oyun olub. Həmin oyundan əvvəl 27 yaşlı əlcək sahibi «Qəbələ» rəsmiləri ilə razılığa gəlib. Razılaşmaya əsasən, Kamran “transfer pəncərəsi” açılar-açılmaz bölgə klubuna keçəcəkdi.
Futbolçunun bakılılarla müqaviləsi ola-ola başqa bir klubla danışıq aparması, üstəlik, ilk qolda kobud səhvə qol verməsi baş məşqçi Milinko Pantiçi hirsləndirib. O da ikinci dövrə bitən kimi rəhbərlikdən Kamranın transferə çıxarılmasını istəyib və arzusuna çatıb.
Bəs transfer niyə baş tutmadı? Yadınızdadırsa, bir müddət öncə «Qəbələ» rəsmiləri mətbuata verdiyi açıqlamada millinin əsas qapıçısı ilə transferə çıxarıldığı zaman maraqlanacaqlarını bildirmişdilər. Hətta bu cür çərçivə qoruyucusunun vacibliyindən bəhs etmişdilər. İndi isə ortada nə it var, nə də ip. Bölgə klubunun isə Ağayevi transfer etməməkdə yalnız bir məqsədi var. Əgər bu transfer baş tutarsa, onda yayılan bu iddia öz təsdiqini tapacaq. Bundan başqa bakılılar məhz bu hadisələrə görə Ağayevə elə qiymət qoyub ki, heç kəs yaxın gələ bilməsin.
İddiaların nə qədər doğru olduğunu demək asan deyil. Lakin bir məqama diqqət yetirmək lazımdı. Topaz Premyer Liqasının 18-ci turunda baş tutan «Qəbələ» - «Bakı» qarşılaşmasında vurulan ikinci qol penalti epizodu idi. Bəs birinci qol? Hər halda Azərbaycanın bir nömrəli qapıçısı olan, arenalarda mükəmməl seyvləri ilə yaddaşlara həkk olunan Kamran Ağayevin qapısından bu cür qol buraxması düşünməyə əsas verir.
Məsələ ilə bağlı hər iki tərəfin fikirlərini işıqlandırmağa hazırıq. (futbolinfo.az)
 





21.01.2014    çap et  çap et