Narkomaniya hazırda 80 milyonluq əhalisindən 3 milyonunun narkotik asılılığı olan ölkədə milli problemə çevrilib. Bu ölkəyə narkotik maddələr əsasən xaricdən, xüsusilə də Əfqanıstandan gətirilir.
Yerli polis bildirib ki, müsadirə olunan göyərçinlər Kermanşah ərazisində müxtəlif yerlərə narkotik maddə çatdırmaq üçün təlimləndirilmişdi.
«The Guardian» yazır ki, İranda göyərçinlər də narkotiklər qədər geniş yayılıb. Əslində bu quşlar İran mədəniyyətinə və poeziyasına qədimdən daxil olub. Ölkənin şəhər və kəndlərində ənənəvi göyərçin yarışları keçirilir.
May ayında Küveyt rəsmiləri bildirmişdilər ki, belindəki kiçik çantacıqda 178 ketamin həbi daşıyan göyərçini tutublar. Bu hadisə İraqla həmsərhəd Abdali məntəqəsində baş vermişdi və rəsmilər güman edirdilər ki, göyərçini elə İraqdan göndəriblər.
2011-ci ildə Kolumbiyada ayağında 40 qram anaşa və 5 qram kokain olan göyərçini tutmuşdular. O bu «yükü» Bukaramanqadakı həbsxanaya aparırdı.
İranda narkotik maddələrlə əlaqədar həbs edilənləri adətən ölüm cəzası gözləyir. Təkcə 2017-cü ilin birinci yarısında keçirilmiş 239 edamdan 129-u narkotik maddələrlə əlaqəli idi.
Bu yaxınlarda İran parlamentində narkotika ilə bağlı edam cəzalarının ləğvi barədə qanun qəbul edilib. Əgər ölkənin ali rəhbəri bu qanunu imzalasa, edamını gözləyən 5000 nəfərin həyatı xilas olacaq.
İndi qüvvədə olan qanun üçün 5 kiloqram tiryəklə 30 qram heroinin fərqi yoxdur. Hər ikisinə görə ən ağır cəza verilir.
100 göyərçinin müsadirə olunmasına gəlincə isə, polis Kermanşahda Susk (tarakan) ləqəbli narkodileri axtarırdı. Göyərçinlər də bu reyd zamanı aşkar edilib.