Məhkəmə prosesi başa çatdıqdan sonra mediaya açıqlama verən Mehman Əliyevin vəkili Fariz Namazlı Avropa Məhkəməsinə müraciət ediləcəyini deyib və məhkəmənin bugünkü qərarını qanunsuz adlandırıb.
Vergilər Nazirliyi avqustun 8-də «Turan» İA-nın fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, agentlik vergidən yayınmalara yol verib. M.Əliyev ittihamları qəbul etmir.
Agentliyin bank hesabları dondurulub.
«Turan» İA-nın kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.
Avqustun 28-də «Turan» İA-nın əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar agentliyə qarşı qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.
Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara «Turan» İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.