Vaxt.Az

Harvi Luizianaya istiqamətləndi


 

Qasırğa 9 nəfərin həyatına son qoyub

Harvi Luizianaya istiqamətləndi Tropik Harvi qasırğası Texasın şərqindən Luiziana ştatına istiqamət götürdükcə, Hyuston şəhərində tarixi leysandan sonra nəhayət bir yüngüllük yaranıb. Lakin Hyuston meri yağışın səngiməsinə baxmayaraq problemlərin hələ bitmədiyi barədə xəbərdarlıq edib.

«Bir trilyon qalon yağış suyu harasa boşaldılmalıdır və region boyu dolmuş su anbarları və göllər yeni daşqınlara səbəb olacaq. Biz bilirik ki, su anbarları və göllər artıq daşqınlara səbəb olub. Ona görə də havanın yaxşılaşmasına baxmayaraq, hələ daşqın problemi bitməyib», deyə Hyuston meri Silvester Törner bildirib.

Minlərlə xilasetmə işçisi və könüllü insanları təhlükəsiz yerə çatdırmaq üçün bütün günü çalışır. Hyustonda minlərlə daha da çox insan kilsədə sığınacaq tapıb.

Prezident Tramp dünən fəlakətlə əlaqədar Texas ştatına səfər edib. Prezident insanlara yardım ediləcəyinə söz verib və ştat və şəhər rəsmiləri ilə problemin həlli üzərində birgə işlədiklərini deyib.

«Bu, əsl komandadır və biz həmişə olduğundan daha tədbirli olmağa çıalışacağıq», deyə prezident bildirib.

Tramp deyib ki, onun administrasiyası və Konqress qasırğa qurbanlarına yardım etmək üçün tədbirlər görəcək.

Tramp onun gəlişinin xilasetmə əməliyyatlarını ləngitməməsi üçün Hyuston şəhərini ziyarət etməyib.

Lakin Ağ Ev rəsmiləri bildirib ki, prezident bərpa işlərinin gedişi ilə tanış olmaq məqsədi ilə şənbə günü Texas ştatına və ola bilsin ki, Luiziana ştatına da səfər etməyi planlaşdırır.

Hazırda qasırğa səbəbindən ölənlərin sayının doqquza çatdığı bildirilir.

 





30.08.2017    çap et  çap et