Vaxt.Az

«Arena «Qarabağ»ın ev oyunları üçün hazırdı»


 

BOS-un direktoru danışdı

«Arena «Qarabağ»ın ev oyunları üçün hazırdı» «Bakı Olimpiya Stadionu «Qarabağ»ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını qəbul etməyə hazırdı». Bunu «Report»a stadionun direktoru Cavid Qarayev deyib. C.Qarayev bildirib ki, arenanın ot örtüyü «Bakı 2017» IV İslam Həmrəyliyi Oyunlarından sonra qaydasına düşməyə başlayıb: «Heç kimə sirr deyil ki, İslamiadadan sonra ot örtüyündə yenilənmə aparılıb. Hazırda ot kökünün bərkimə prosesi gedir. İlk oyuna qalan müddət ərzində meydanın vəziyyəti tam qaydasına düşəcək».

Artıq stadionun durumu ilə «Qarabağ» nümayəndələri, o cümlədən, komandanın baş məşqçisi Qurban Qurbanov da maraqlanıb. Direktorun sözlərinə görə, meydanın durumu ilə bağlı mövqeyini klubun özü açıqlamalıdır. Bununla belə, C.Qarayev arenanın UEFA tələblərinə tam uyğun olduğunu vurğulayıb. O, stadion əməkdaşları ilə iclas keçirərək müvafiq tapşırıqlar verdiyini də deyib: «Oyunlar stadionumuzda keçirilsə, infrastruktur, təhlükəsizlik, mühafizə, media nümayəndələrinin yerləşdirilməsi kimi məsələləri də yoluna qoymalıyıq. Bugünkü iclası da görəcəyimiz işləri müəyyənləşdirmək üçün keçirmişdik».

«Bəs Azərbaycan millisinin oktyabrın 5-də bu arenada Çexiya ilə nəzərdə tutulan oyununun yeri dəyişdirilə bilərmi?» sualını isə C.Qarayev «Bu, AFFA-dan asılı məsələdir» deyə cavablandırıb.

Qeyd edək ki, «Qarabağ» Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını sentyabrın 27-də İtaliyanın «Roma», oktyabrın 18-də İspaniyanın «Atletiko», noyabrın 22-də isə İngiltərənin «Çelsi» komandalarına qarşı keçirəcək.

 





31.08.2017    çap et  çap et