Xəbər verildiyi kimi Gürcüstanı təzəcə tərk etmiş Azərbaycan yanğınsöndürənlərinin bir qrupu prezident İlham Əliyevin göstərişi ilə yenidən geri qayıtmalı olub. Fövqəladə Hallar Nazirliyi (FHN) Abastumani meşələrinin söndürülməsi üçün iki vertolyot və onlarla yanğınsöndürən göndərib. Habelə Ukrayna köməyə təyyarə, İran iki vertolyot yola salıb.
Gürcüstan KİV-ləri qeyd edir ki, bu, son yeddi gün ərzində Samtse-Cavaxeti bölgəsində baş vermiş beşinci meşə yanğınıdır. Və bu yanğınların heç birinin səbəbini dəqiqləşdirmək mümkün olmayıb. Onların hamısı müəmmalı şəkildə, qəfildən başlayıb. Daxili işlər naziri Georgi Mqrebrişvili jurnalistlərə bildirib ki, yanğınların səbəbləri məlum deyil, lakin onun şəxsi fikrinə görə bunlar qəsdən törədilir.
«İstintaq bütün versiyalar üzərində işləyir. Əgər sizi mənim subyektiv mövqeyim maraqlandırırsa o zaman düşünürəm ki, yanğını qəsdən törədə bilərdilər. Digər amillər də ola bilər. İstintaq davam edir və bütün versiyalar araşdırılır», - nazir deyib.
Abastumani sakinləri isə deyirlər ki, yanğınların başladığı yer keçilməz meşə massividir və orada yanğının öz-özünə başlaması sadəcə olaraq mümkün deyildi. «Yanğın yerinə yaxınlaşmaq çox mürəkkəbdir, yol yoxdur. Biz ağlımıza da gətirə bilmirik ki, orada necə yanğın olub. Heç güclü istilər də yoxdur ki, onun təsirindən nəyinsə alışdığını deyəsən, havalar sərin keçir. Kimsə meşələrimizi yandırır», - yerli sakinlər deyirlər.
Politoloq Tornike Şaraşenidze də hesab edir ki, dalbadal baş verən meşə yanğınları təsadüf ola bilməz. «Hər dəfə yeni yanğından sonra bunun diversiya olmadığına inanmaq daha da çətinləşir. Mən bu qədər yanğın xatırlamıram, heç kim xatırlamır. Əgər bu diversiyadırsa o zaman bir mərkəzdən idarə olunur. Və burada sual meydana çıxır: bunda kim maraqlıdır? Məntiqlidir ki, bu məsələdə maraqlı olan bir varsa o da Moskvadır», - politoloq deyir.