Vaxt.Az
«Bakıda bu işdən başı çıxan yoxdur»
«Səhər oyananda gördüm ki, burda heç bir qayda mövcud deyil»
«Bakı»nın hücumçusu Marius Pena müsahibəsində Bakı haqda ilk təəssüratlarından danışmaqla yanaşı, yol hərəkətini, klub bazasını xatırlayıb və komandanı qışda tərk etmək istədiyini etiraf edib. Futbolinfo.az Penanın müsahibəsini diqqətinizə çatdırır.
- Azərbaycandan təklif olduğunu deyəndə nə haqda fikirləşdiniz?
- Bu ölkə harada yerləşir? Nə komandadı elə? Hansı şəhərdəndi? Ancaq agentim dedi ki, orada yaxşı pul verirlər və ümumiyyətlə, futbola maliyyə yatırımı edirlər. Ona görə də razılaşdım.
- Bakıya ilk dəfə gələndə ilk təəssüratınız?
- Mən İstanbuldan uçdum. Səhər saat 4-5 olardı. Küçələrdə maşın az idi. Hərəkət, demək olar ki, yox idi. Mənə köhnə ilə təzənin birləşməsi xoş gəldi. Ancaq səhər oyananda yol hərəkəti qaydalarına əməl olunmamasını gördüm. Mən sadəcə, karıxmışdım. Sözlə ifadə etmək mümkün deyil. Ancaq ümumilikdə, gördüklərim gözlədiklərimi üstələmişdi.
- «Bakı»nın infrastrukturu necədi? Rumıniyadan geri qalır?
- Orada olana qədər, mənə elə gəlirdi ki, geri qalır. Ancaq iş başına gəlincə, dörd təbii, bir süni örtüklü meydançası olan gözəl bir baza gördüm. Meydana Şotlandiyadan olan mütəxəssislər nəzarət edir. Çünki Bakıda bu işdən başı çıxan adamlar yoxdu.
- Siz bazada qalırsız?
- Yox, mənə şəhər mərkəzi yaxınlığında əla bir ev kirayələyiblər.
- Yerlilərlə necə ünsiyyət qurursunuz?
- Rusca pis danışmıram. Buna görə də problemlər yaranmayıb. Azərbaycanda ingiliscə pis bilirlər.
- Klubun maliyyə vəziyyəti necədi? Ödənişlərdə gecikmələr olur?
- Bəzən. Ancaq uzunmüddətli gecikmələr olmayıb. Mənə vəd olunmuş hər şeyi almışam. Mən hətta ilk keçirdiyim oyuna görə mükafat almışam. Baxmayaraq ki, biz məğlub olmuşduq. Sadəcə, bossa mənim meydanda necə görünməyim xoş gəlmişdi.
- Bakıda maşın sürməyə cəhd etmisiz?
- Yox, nə danışırsınız?! Orada heç bir qayda mövcud deyil.
- Bakıda necə qidalanırsız? Azərbaycan mətbəxi xoşunuza gəldi?
- Mətbəx dadlıdı. Ancaq çox acı və şirin tam var. Ancaq mən bu və digərini sevmirəm. Ancaq Avropa mətbəxi restoranları var. Toyuq, mal əti, balıqla məhdudlaşırdım.
- «Bakı» Rumıniya çempionatında hansı yeri tutardı?
- Mən düşünürəm ki, «Bakı» 5-10-cu yerlər uğrunda mübarizə aparardı. Ancaq onlar yerində saymır. Daim tərəqqi edirlər. Düşünürəm ki, yaxın vaxtlarda «Bakı»nın sorağı avrokuboklardan gələcək.
- Əməkhaqqı yüksəkdi?
- Bəli, bəziləri ildə 500-600 min ABŞ dollarına qədər alır. Belə pulları hətta haqqında sizin heç nə eşitmədiyiniz futbolçular alır.
- Adrian Skarlatake deyir ki, «Xəzər Lənkəran»da qələbəyə görə böyük əlavələr nəzərdə tutulub...
- Bu, klub rəhbərliyinin iddiasından xəbər verir. Ancaq bununla belə, camaat stadiona elə də fəal surətdə baş çəkmir. Bax, belə olan halda futbolçuları mükafatlarla, əməkhaqqı ilə kökləmək lazım gəlir.
- «Bakı»da qalmağa hazırlaşırsız?
- Mən qışda getmək istəyirdim. Ancaq klub prezidenti dedi ki, yaya qədər qalım. Müqaviləm o zaman bitəcək. Hər şeyin mənim üçün belə pis gedəcəyini düşünmürdüm. Yeni baş məşqçinin rəhbərliyi altında mən oyun keçirmək üçün kifayət qədər vaxt almıram.
22.01.2014 çap et