Vaxt.Az
Qənirə Paşayevaya təxribat
Millət vəkili: «Ən böyük əxlaqsızlıq və tərbiyəsizlikdir»
Millət vəkili Qənirə Paşayeva təxribatla üzləşib. Bu barədə Paşayeva ictimaiyyətə müraciət edib.
«Ötən gün kimlərsə mənim rəsmi Twitter hesabımın parolunu oğurlayaraq, özəl mesaj qutumdan bəzi dostlara mənim adımdan mesaj yazdıqlarının şahidi olduq. Yazılan mesajı həmən tamam silməyi unutduqlarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. Sizdən ricam odur ki, son 2 gündə və ondan öncə (çünki bunu öncələri də edə bilərlər!) mənim özəl mesaj qutumdan kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz mesaj gəlibsə, mütləq bizə xəbər verin.Qeyd edim ki, mən ümumiyyətlə özəl mesaj qutusundan nadir istifadə edirəm».
Millət vəkili bildirib ki, mütəxəssislərin dəstəyi ilə artıq Twitter hesabının güvənliyi daha da artırılıb.
«Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən böyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təəssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik».
Qənirə Paşayeva sosial şəbəkələrdəki dostlarına müraciət edərək bildirib ki, «GaniraP» onun tək rəsmi Twitter hesabıdır.
«Təəssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa Twitter və çoxlu sayda Facebook hesabları açıblar. Mənim tək Facebook hesabım belədir: Ganire Pashayeva. Digər hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Artıq bu hesablarla bağlı və baş verən hadisə ilə bağlı araşdırma aparılması və tədbirlər görülməsi üçün əlaqədar dövlət qurumlarına müraciət bu gün göndərildi.
Ümid edirəm ki, adıma saxta Twitter və Facebook hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq, bu tərbiyəsizliyi dayandıracaqlar və bunun dayandırılması üçün sizin də dəstəyinizə ehtiyacımız var...»
22.01.2014 çap et