Yenə sizin küçəni qarış-qarış gəzmişəm,
Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.
Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram.
Səni unutmaq üçün bundan yaxşı şərait?
Küçənizin başında bir məscid də var hələ,
Azanı eşidəndə dilimin altda bir az
zümzümə eləyirəm
Bu sirli çağırışı uşaqların dilinə
tərcümə eləyirəm...
Ax bu yeniyetmələr!!!
Ax bu yeniyetmələr!!!
Məscidin hasarında
«Günel, səni sevirəm»
«Günel, məni bağışla»
«Günel, çox darıxmışam»
qırmızı, ağ yazılar...
Quşlar divardan məktub götürə bilmir axı,
Alın yazılarını bura nahaq yazırlar...
Görəsən minarədən
özümü yerə atsam
mənə günah yazılar?
İstəyirəm qışqırım küçənin ortasında:
«Günel, o səni sevir»
«Günel, onu bağışla»
«Günel, o çox darıxıb»
Səni görsəm qorxuram Günel deyim karıxıb.
Hava da ki çox isti, ürəyim də sıxılır,
Eh bu darıxmaq da ki, yığıb məni boğaza.
Siqaret də qutarıb,
Tərsliyə bax mən çəkən siqaretdən də satmır küçədəki mağaza.
Məndən 5-6 ağac o tərəfdə bir nəfər
bir ağaca söykənib, işığa gözün dikib,
itlər ilə danışır.
Dərindən nəfəs alır
Deyəsən o Günel də sizin küçədə qalır...»