Vaxt.Az

Qurban verməliyikmi?


 

Quranda «Biz onu böyük bir xətadan xilas etdik» deyilir

Qurban verməliyikmi? «Qurban» bir dini ritual kimi dünyadakı əksər inanclarda mövcud olub və hələ də mövcuddur. Müxtəlif mədəniyyətlərdə qurban qızıl-gümüş kimi cansız əşyalardan tutmuş insanlaracan bir çox məna ifadə edib.

Qurban sözünün ərəbcə mənası «yaxınlıq» və ya «yaxınlaşmaq» olub, Tanrıya və ya insanlara daha da yaxın olmağı bildirir.

İbrahimi dinlərdə - İudaizm, Xristianlıq və İslamda - qurban adətinin kökü Habil və Qabil əfsanəsinə gedib çıxır.

Allah Habil və Qabilə qurban etmələrini əmr edir - taxıl gətirən qardaşı qəbul etməsə də, qoyunu olan qardaşın qurbanını qəbul edir. Qabil qısqanclığa qapılır və qardaşı Habili öldürərək ilk qatil olur.

Qurban qarşımıza İbrahim peyğəmbər hekayəsində də çıxır.

İbrahim oğlu İshaqı (İslama görə İsmaili) qurban etməyə cəhd edəndə Allah ona qoyun göndərərək onu sınadığını bildirir.

İşlər isə burada maraqlı hala gəlir. Bibliyada İbrahimə bunun əvəzində qoç göndərildiyi qeyd olunsa da Quranda belə bir epizod yoxdur.

Azərbaycanlı ilahiyyatçı Elşad Mirinin fikrincə Quranda konkret olaraq heyvan kəsilməyindən danışılmır - «İnsanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar: «Qurani-Kərim»də «qurban» sözü bizim bildiyimiz kimi heyvan kəsmək mənasında işlədilmir. Ərəb dilində qurban yaxınlaşmaq deməkdir».

Türk ilahiyyatçı Ehsan Əliaçığın fikrincə Quranda İbrahimə qurban kəsmək qadağan edilir - Quranda «Biz onu böyük bir xətadan xilas etdik» deyilir.

Əs-Səffat surəsindəki «qurban» sözünün və digər ayələrin türk dilinə yanlış tərcümə edildiyini deyən Ehsan Əliaçıq, bu səhvlərin insanları dini səhv başa düşməsinə vadar etdiyini müdafiə edir.

Qısası, onun fikrincə Qurban adəti Quranda yoxdur.


İnsan qurbanı


Qurbanın ən vəhşi növü isə heç şübhəsiz insan qurbanıdır. İbtidai icmadan bəri davam edən bu adətə Yeni Zelandiya, Avstraliya və Almaniya universitetlərindən tədqiqatçıların birgə araşdırmaları nəticəsində sosioloji izah tapıblar. Araşdırma əsasən Okeaniya xalqları arasında aparılıb.

Tədqiqatın nəticələrinə əsasən insan qurbanı idarə edənlərin güclənməsinə, qurban ritualların qurbanı olan insanların ətrafı və ailələrinin isə qorxmasına və itaətkar olmasına səbəb olub.

Beləliklə eqalitarian cəmiyyət sinifləşməyə başlayıb. Cinayətkarlar, kasıblar, kimsəsizlər, uşaqlar və qadınlar zamanla əsas qurban fiquru olublar.

Din xadimləri - şamanlar və hökmdarlar isə bu adət-ənənədən üstün olduqları üçün qurban verilməyiblər.

Təbii ki, dünyanın hər yerində vəziyyət belə deyildi. Qədim Mayya və Azteklər Günəşə və başqa tanrılara insan qurbanı verirdilər.

Bu qurbanlar tanrıların qəzəbindən qorunmaq üçün olurdu. Təbiət hadisələri - tufanlar, zəlzələlər, vulkan partlayışları - hamısı ibtidai insanların gözündə tanrıların qəzəbinin simvolu kimi görünüb.

Bəzən də bəxtləri açılsın deyə qurban veriblər. Dəhşətli olan burasıdır ki, bu adətlər hələ də Asiya, Afrika və Amerikanın yerli qəbilələri arasında qalmaqdadır.

Məsələn, Afrikada albinos uşaqlar öldürülür və qurban edilir. Onların möcüzəvi keyfiyyətə malik olduğu düşünülür.

1960-cı ildə Çilidə baş vermiş zəlzələ dünyanın ən böyük zəlzələsi idi. 9.5 bal gücündə olan bu yer sarsıntısı Yaponiyada belə hiss olunmuşdu.

Kollileufu kəndinin sakinləri dağa qaçmış sunaminin gətirdiyi sellərin sakitləşməsini gözləməkdən bezmişdi.

Bu vaxt kəndin şamanı - Xuana Namunkura 5 yaşlı Xose Luiz adlı uşağın qurban verilməsini təklif edir. Xose Luiz kənddə camaat arasında «yetim» adlandırılırdı.

Anası paytaxt Santyaqoya xadimə işləməyə getmiş, atası isə balıqçılıq edirdi. Şamanın təkidi ilə uşaq babası Xuanın əlindən alınır və dənizə qurban edilir. Özü də ən vəhşətli üsullardan biri ilə - əlləri və ayaqları kəsilir və bir ağaca bağlanaraq üzü dənizə tutulur.

Qurban hadisəsindən isə başqa bir uşağın şikayəti nəticəsində xəbər tutulmuşdu. Balaca Xoseni edam edən şəxslər həbs olunsa da 2 il sonra bəraət almışdılar.

Hakim öz qərarını ulu babalarının adətlərinə uymağa qarşı gələ bilməməklə izah edirdi. Ona görə bu təbii instinkt idi.


Qurbana münasibət necə olmalıdır?


Qurban sözünün dilimizdəki ikinci mənası bir şeydən zərər çəkən insan olmaqdır - «20 Yanvar qurbanları» və ya «Müharibə qurbanları» ifadələrindəki kimi.

Qurban vermək instinktinin dinlərdən daha qədim olduğuna inanıram. İnsanlar nəsə qazanmaq üçün nəyisə itirməyin labüd olduğunu daim düşünüblər və bunu üstün tutublar.

Dinlər öz yerini dövlətlərə verdiyi üçün insanlar artıq gözə görünməyən tanrılar, vulkanlar və sellərdən ötrü qurban edilmir.

Əksinə, onlar artıq uşaqlıqdan onlara yeridilən patriotizmin verdiyi qürurla qurban olmağa özləri qaçırlar.

Qurban həm də ideolojidir. İnsanlar inandıqları şeylərə istəyərək və ya istəməyərək qurban veriblərsə onu müqəddəs qəbul edib varlığını davam etdirmək istəyirlər. Çünki «boşuna qurban verilməməlidir».

Bu subyektiv inanclara necə münasibət göstərməliyik? Bəs Oktyabr inqilabında canından keçmiş azərbaycanlılar?

Onlar həqiqətən fəhlə sinfinin qələbəsinə inanırdılar. Bəs Rusiya imperiyasının ordusunun sıralarında döyüşmüş azərbaycanlı generallar və əsgərlər? Oktyabr inqilabçıları onların qurbanlarını müqəddəs saymalıydılar? Bəs Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlər?

Biz hamının qurbanını müqəddəs saymalıyıq, yoxsa qurban təkcə bizim beynimizdə yaratdığımız, öz itirdiklərimizin təsəllisi olan bir xülyadır?

 





02.09.2017    çap et  çap et