Vaxt.Az

Prezident Cəlilabaddadır


 

İlham Əliyev Ələt-Astara yolunun Lənkəran-Masallı və Masallı-Cəlilabad hissələrinin açılışını etdi

Prezident Cəlilabaddadır Prezident İlham Əliyev Cəlilabad rayonuna səfərdədir. Azərbaycan Prezidenti Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib. Prezident dövlət əhəmiyyətli, «İpək yolu» layihəsinin tərkib hissəsi olan Ələt-Astara-İran magistralının bir hissəsinin və 2017-ci ildə ölkədə icra ediləcək «40 yol layihəsi» çərçivəsində Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun yenidən qurulmasından sonra açılışında iştirak edib, qırmızı lentləri kəsib.


***


Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.


***


Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.


***


Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.


***


Respublika əhəmiyyətli yollarla bərabər, kənd və qəsəbələrarası yolların təmirinə və yenidən qurulmasına göstərilən diqqət ölkədə, ilk növbədə, sosial layihələrin ardıcıl xarakter aldığını aydın nümayiş etdirir. Belə layihələrdən biri də Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.

Bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək «40 yol layihəsi» çərçivəsində «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

«Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı müxtəlif diametrli suötürücü borular quraşdırılıb, müxtəlif yol nişanları və göstərici lövhələr qoyulub.

 





02.09.2017    çap et  çap et