Vaxt.Az
150 deputat ayağa qalxdı
«Biz hər şeydən agah olmalıyıq»
İran parlamentinin 150 deputatı yanvarın 21-də parlament sədri Əli Laricaniyə məktub yazaraq ölkənin Qərblə apardığı nüvə danışıqlarının təfərrüatının gizli saxlanmasına etiraz bildiriblər.«Media forum» saytının məlumatına görə, məktubda deyilir ki, 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə nüvə danışıqları aparan heyətin qeyri-şəffaf hərəkətləri və müzakirələrin nəticəsini deputatlardan gizli saxlaması iranlı deputatları narahat edir. Nüvə danışıqlarındakı qeyri-şəffaflığın aradan götürülməsi, müzakirələrin nəticəsinin ictimaiyyətə çatdırılması tələb olunur.
İran parlamentinin deputatı Ruhullah Hüseyniyan jurnalistlərə açıqlamasında Cenevrədəki son nüvə razılaşmasına və onun nəticələrinə etiraz bildirib: «Cenevrədəki nüvə razılaşması İranın xeyrinə deyil. Bu razılaşma birtərəfli olaraq İranın nüvə fəaliyyətlərinin dayandırılmasına gətirib çıxarıb. Hesab edirik ki, nüvə danışıqlarının nəticə və təfərrüatları deputatlardan gizli saxlanmamalı və onlar hər şeydən agah olmalıdırlar».
Cenevrədə Qərblə İranın nüvə danışıqları ötən il noyabrın 24-də gecə razılaşma ilə başa çatıb. 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir.
Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.
22.01.2014 çap et