Vaxt.Az

«Roma»da qalmaqal


 

Monçi klubun pulu dağıtmaqda ittiham olunur

«Roma»da qalmaqal UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu «Qarabağ»la bir qrupda yer alan İtaliyanın «Roma» klubunun azarkeşləri paytaxt təmsilçisinin bu yay baş tutan transferlərindən narazı qalıblar.

Futbolinfo.az xəbər verir ki, «canavarlar»ın fanatları hədəf kimi klubun idman direktoru Monçini seçiblər. Onlar hesab edirlər ki, «Roma»da bu ildən idman direktoru kimi çalışan ispaniyalı mütəxəssis klubun pulunu hədər yerə dağıtmaqla məşğul olub.

Məsələyə münasibət bildirən Monçi isə bəyan edib ki, onun bu yay üçün əsas hədəflərindən biri «Roma»nın liderlərini komandada saxlamaq olub.

«Roma»nın bu yay üçün həyata keçirdiyi transfer siyasətinə gəlincə, paytaxt klubu satdığı və ya icarəyə göndərdiyi oyunçulardan bütövlükdə 150,45 milyon avro qazanıb. Heyətə cəlb olunan futbolçular üçün isə 125,65 milyon avro xərclənib.

Maraq üçün qeyd edək ki, «Roma» bu yay Məhəmməd Salahı 50 milyona «Liverpul»a, Antonio Rudigeri 39 milyona «Çelsi»yə, Leandro Paredesi 27 milyona «Zenit»ə, Mario Ruini 10,2 milyona «Napoli»yə satdığı halda, Patrik Şiki («Sampdoriya») 42 milyona, Qrequar Defreli («Sassuolo») 23 milyona, Rik Karsdorpu («Feyenoord») 19 milyona, Cengiz Ünderi («Başakşəhər») 14,9 milyona, Lorenso Pelleqrinini («Sassuolo») 10 milyona transfer edib.

 





03.09.2017    çap et  çap et