Vaxt.Az

«Yasaq təhlükəlidir»


 

«Dövlət işində işləməyənlərə kredit verilməyəcək»

«Yasaq təhlükəlidir» İqtisadçı ekspert Rəşad Həsənov «Media forum» saytına deyib ki, Mərkəzi Bankın iş yerindən arayış gətirməyən vətəndaşlara kredit verilməsinə yasaq qoyması təhlükəlidir: «Onsuz da bankların əksəriyyəti sadəcə dövlət işində çalışanların gətirdiyi arayışları qəbul edir. Belə çıxır, 2014-cü ildə dövlət işində işləməyənlərə kredit verilməyəcək. Bu isə iqtisadi məşğul əhalinin təxminən 65 faizi deməkdir. Yəni çoxlarının problemləri həll edilmədən qala bilər».
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın yeni qərarından sonra real bazara daxil olan vəsaitin həcmi ciddi şəkildə azalacaq: «Əvəzində isə əvvəlki illərə aid kredit öhdəliklərinin ödənilməsi faktiki olaraq külli miqdarda vəsaitin dövriyyədən kənarlaşmasına səbəb olacaq. Yəni alıcılıq qabiliyyəti azalacaq, nəticədə daxili istehsal aşağı düşəcək, bu isə öz növbəsində bir çox sahibkarı iflasa gətirəcək. Nəzərə almaq lazımdır ki, yerli istehsalın 90 faizi daxili istehlaka yönəlib. İflas və yaxud dövriyyənin daralması iş yerlərinin azalmasına səbəb olacaq. Yəni yoxsulluq həddi və işsizlik səviyyəsi artacaq».
Rəşad Həsənov qeyd edib ki, problemli kreditlərin səbəbi heç də hər zaman vətəndaşların maddi rifahından deyil, bir çox hallarda bankların bahalı kredit siyasətindən qaynaqlanır: «Necə olur ki, bank faizlərinin azaldılması, komisyon xərclərinin ləğv edilməsi istiqamətində işlər aparmaq əvəzinə bir çox hallarda insanların son çarəsi hesab edilən kreditləşmə prosesini əngəlləyəcək qərarlar qəbul edilir? Ölkə iqtisadiyyatını kreditlərdən məhrum etmək tənəzzülə yol açmaqdır».
 





22.01.2014    çap et  çap et