Vaxt.Az

Basıldıq!!!


 

Sizə bir sirr açıram!

Basıldıq!!! Bayram günləri, uzun qış gecələrinə bənzəyir, gərək nağıldan-zaddan danışıb yola verəsən. Sizə gerçək nağıllardan daha birini danışmaq istəyirəm.

90-cı illərin ortalarıdı. İşlədiyim redaksiyanı o vaxtın populyar qəzetlərindən olan «Müxalifət» qəzeti, belə demək mümkünsə, himayəyə götürüb, ona öz ofisində 3 otaq verib. Rəhmətlik Ağamalı Sadiq Əfəndi «Müxalifət»in və ofisin sahibidi, ancaq az-az gəlir işə. Gələndə də otağndan nadir hallarda çıxır. Qəzetdə çalışan iki siyasətçi-jurnalist Əhməd Orucla (o vaxt Əhməd Abdal idi) Vaqif Hacıbəyli arasında səssiz bir savaş gedən vaxtlardı. Ağamalı bəy bunları bir təhər pişim-pişimlə yola verir. Bunları niyə yazdığımı sonda biləcəksiniz.

Redaksiyanın bircə kompüteri var, o da ancaq «iqra» oynamağa yarayır. Yazılar rəhmətlik Taleh Həmidin «Müstəqi qəzet»inin kompüterlərində yığılır və səhifələnir. Qəzet həftədə bir dəfə çıxdığından korrektor Nailə xanım yazıları əlyazma şəklində «Müsrəqil qəzet»in redaksiyasına aparandan, yəni, işimizi bitirəndən sonra «iqra» oynamaq növbəsi tutulur, «uduzan durur» prinsipilə günümüzü keçiririk. Təbii ki, heç kim oynamaqdan doymur. Oynamağa da cəmi bir «iqra»mız var – Tetris. 

Bir dəfə, söz vaxtına çəkər, bayram günü bekarçılıqdan gəldim redaksiyaya «iqra» oynamağa. Bildim ki, kimsə olmayacaq işdə, doyunca oynayacam. Demək, «Müxalifət» qəzetinin iki girişi var idi. Biri əsas giriş, biri də Məhəmmədin kafesi tərəfdən olan arxa qapı. Allahdan Məhəmməd bayram günü işləyirmiş, girdim ofisə. O vaxtlar biz redaksiyanın qapılarını bağlamazdıq. Başım qarışıb oynamağa, bir də ayıldım ki, axşam düşüb. Durdum ki, gedim evə. Baxdım hər iki giriş qapısı bağlıdı. Bütün otaqlara baxdım, bir inc-cins tapmadım, Məhəmməd də çoxdan gedib. Redaksiyanın bütün pəncərələrində «reşotka» olduğunu biləndən sonra anladım ki, artıq mənə burdan ən azı sabaha qədər çıxış yoxdu. İndi bu, bəlkə də qəribə səslənir, amma o vaxtlar mobil telefon hələ bizə gəlib çatmamışdı, işçilərin kirayə qaldığı mənzillərdə isə ev telefonu da yox idi.

Otaqların birində oturmuşam, «iqra»-filan da gözümdən düşüb, gecəni necə keçirəcəyim haqda fikirləşirəm. Birdən yadıma düşdü ki, bütün otaqlara baxdım, bircə Ağamalı bəyin otağından başqa. Ümidsiz-ümidsiz əlimi atdım qapının dəstəyinə, çəkdim özümə tərəf, qapı açıldı, gördüyüm mənzərədən dəhşətə gəldim. Ən azı 100 cüt göz (qapını aşmaq üçün mənə bir cüt kifayət idi) təlaşla mənə baxırdı. Baxdım Əhməd bəy oturub başda. O dəm ağlıma başqa bir şey gəlmədi. Birbaşa dedim, Əhməd bəy, qapının açın, mən gedim. Əhməd bəy məni ötürəndə xahiş elədi ki, gördüklərim barədə heç kimə deməyim, çünki bu, onunçün təhlükə yarada bilər. O vaxt söz verdim və sözümü tutdum. Üstündən 22 il keçəndən sonra bu sirri ilk dəfə Sizə açıram. 

İndi gələk, məsələnin birinci abzasla əlaqəsinə. Sən demə bu iclas Əhməd bəyin sədri olduğu «Azadlıq» Partiyasının təsis yığıncağı imiş. Çox güman ki, heç Ağamalı bəyin özünün də otağında belə bir iclas keçirilməyindən xəbəri olmayıb. Təsis yığıncağının iştirkçlarının mənə təlaşla baxmağının səbəbi oydu ki, o vaxtlar hakimiyyətindən qorxusundan kimsə beləcə toplanıb iclas-miclas keçirməyə cəsarət etməzdi. Mən qapını qəflətən açanda çox güman ki, onların ürəyindən gizilti kimi bir cümlə keçib: Basıldıq!!!

Həmin gündən sonra artıq Əhməd bəylə Vaqif bəyin savaşı yeni keyfiyyət mərhələsinə keçəcəkdi, Əhməd bəy «Əhrar»ın qarşısına öz «Azadlığ»ı ilə çıxacaqdı.

 





03.09.2017    çap et  çap et