Hövsan qəsəbəsinin qərb hissəsində ayrılmış 20 hektar torpaq sahəsində neçə yaşayış evinin tikiləcəyi barədə, hələlik, məlumat verilmir. Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev Zığ - Hava Limanı yolu ilə Hövsan qəsəbəsi arasında tikiləcək bu yaşayış kompleksində 4 min ailənin (https://goo.gl/cHVWD1) güzəştli şərtlərlə mənzil ala biləcəyini demişdi.
Məlum olan budur ki, MİDA tikintinin layihə-smeta sənədlərinin hazırlanmasını Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutuna həvalə edib. Məbləği açıqlanmayan müqaviləyə əsasən, institut burada mühəndis-geoloji işlər aparacaq, məhəllənin memarlıq həllini hazırlayacaq, tikililərin və kommunikasiyaların ətraf mühitə təsirini qiymətləndirəcək. Bundan əlavə, o, tikintisi tələb olunan obyektləri dövlət orqanları ilə razılaşdırmalıdır.
MİDA bundan öncə Hövsan yaşayış kompleksinin tikintisinin layihələndirilməsi üçün «AMİ Proyekt Yaradıcı Memarlıq Layihə Birliyi» MMC ilə 45,5 min manat dəyərində müqavilə bağlamışdı. Bu MMC ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanması üzrə özəl şirkətdir.
İlk sosial evlərin tikintisinə Yasamal rayonunda, Qanlıgöl yaxınlığında başlanıb. Buradakı kompleksin layihə-smeta sənədlərini «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutu 440 min 600 manata hazırlayıb.Kompleksdə 1843 mənzildən ibarət 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. MİDA indiyədək ictimaiyyətə 25 binanın tikintisi haqda müqavilələrin bağlandığını elan edib. Onların ümumi smeta dəyəri 80,3 milyon manatdır. Bundan əlavə, ərazidə abadlaşdırma, kommunal infrastrukturun qurulmasına 11,3 milyon manat sərf olunacaq.
Hövsandakı ərazi «MİDA» MMC-yə Nazirlər Kabinetinin sərəncamıyla bu ilin fevralında ayrılıb. Güzəştli mənzil tikintisindən ötrü ölkənin digər şəhər və rayonlarında torpaq ayrılacağı deyilsə də, bu bərədə qərar qəbul edilməyib.
Sosial evləri güzəştli şərtlərlə müəyyən kateqoriyalara aid şəxslər və ailələr (http://mida.gov.az/az/rules/kim/) ala bilərlər. Mənzil almaq istəyənlərdən müraciətlər elektron qaydada qəbul edilir.