Vaxt.Az

«Bunlar mənim igidlərimdir»


 

«Mərmi düşmənin düşən kimi sükut çökdü, 11 müşahidə kamerasını sıradan çıxardıq, ...»

«Bunlar mənim igidlərimdir» Hərb elminə az-çox bələd olan hər kəs təsdiq edə bilər ki, istənilən ordunun döyüş qabiliyyəti ilə əsgərin məişət şəraiti arasında birbaşa, özü də çox ciddi bağlılıq var. Doğrudan da yatmağa normal çarpayısı, vaxtlı-vaxtında yuyunmağa şəraiti olmayan, geyim və ərzaq təchizatı aşağı səviyyədə olan əsgərdən döyüşdə şücaət gözləmək də əbəsdir.

Azərbaycan ordusunda bu sahədə vəziyyətin son bir neçə ildə necə kökündən dəyişdiyi məlumdur. İndi tamamilə əminliklə demək olar ki, Azərbaycanda «Əbiyev ordusundan» əsər əlamət qalmayıb və silahlı qüvvələrimiz təchizatına, hərbi qulluqçuların məişət şəraitinə görə dünyanın ən qabaqcıl orduları ilə müqayisə oluna bilər.

Nəzərə alsaq ki, bu ordu torpaqlarının bir hissəsi işğal altında olan ölkənin ordusudur və təkcə rahat kazarmalarda dislokasiya olunmayıb, ümumi uzunluğu min kilometrdən çox olan təmas xətti boyu işğalçı düşmənlə üz-üzədir, o zaman əsgərin məişəti, təchizatı məsələsinin hansı əhəmiyyət kəsb etdiyi barədə danışmaq artıqdır.

Ötən ilin aprelində Azərbaycan ordusu düşmənin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarıb keçəndə və atəşkəsin elan edilməsindən bəri ilk qələbəsini əldə edəndə son illərdə silahlı qüvvələrdə baş vermiş dəyişikliklərin döyüş qabiliyyətinə necə təsir etdiyinə bir daha əmin olduq.


Müdafiə Nazirliyi müraciətimizə müsbət cavab verir


Əlbəttə, ordu və onun əsgərləri, təchizatı və döyüş qabiliyyəti barədə Bakıda oturub yazmaq, mühakimə yürütmək ayrıdır, bu ordunu səngərdə müşahidə etmək, əsgər-zabitlərlə blindajlarda görüşüb onların döyüş əzminə şahid olmaq tam fərqli hisslər yaradır.

Qeyd etmək lazımdır ki, jurnalistlərə Azərbaycan ordusunun ön xətdə, düşmənlə üz-üzə yerləşən mövqelərinə baş çəkib əsgərlərlə, zabitlərlə söhbətləşmək, oradakı şəraitlə yaxından tanış olmaq həmişə nəsib olmur. Bununla belə Azərbaycan Müdafiə Nazirliyi virtualaz.org və haqqin.az saytlarının redaksiyasının müraciətinə müsbət cavab verərək bu sətirlərin müəllifinə ordumuzun düşmənlə qarşıdurma xəttində yerləşən döyüş mövqelərindən birinə baş çəkib əsgər və zabitlərlə söhbətləşməyə imkan yaratdı.


Tərtərdə hərbi hissələrin qapıları taybatay açılmışdı...


...Ön xəttə yollanmazdan əvvəl Tərtərdə yerləşən hərbi hissələrdə Qurban bayramı münasibətilə Müdafiə Nazirliyi tərəfindən təşkil edilən ənənəvi «Açıq qapı»da iştirak etmək şansım oldu. Bu, ordunun hansı şəraitdə xidmət keçdiyini ictimaiyyətə, ilk növbədə övladlarını hərbi xidmətə yola salmış valideynlərə nümayiş etdirmək üçün unikal imkan yaradan aksiyadır.

Həmin gün «Açıq qapı»nın keçirildiyi hərbi hissələrin qapıları sözün əsl mənasında taybatay açılmışdı. Əsgər valideynləri sərbəst şəkildə hərbi hissələrə daxil olur, övladlarının yatdıqları yataqlardan tutmuş yeməkxanaya, hamama qədər istədikləri yerlərə baxır, əsgərlərin yeni inşa edilmiş müasir, hətta kondisioner sistemi ilə təchiz edilən kazarmalarda hansı şəraitdə xidmət keçdiklərini öz gözləri ilə görürdülər.

Daha sonra müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Müdafiə Nazirliyinin digər yüksək rütbəli şəxsləri hərbi hissələrə baş çəkdilər. General-polkovnik Zakir Həsənov qısa bayram təbriklərini çatdırandan sonra valideynlərlə, əsgər-zabitlərlə qeyri-formal şəraitdə söhbətləşdi. Bu qeyri-formal, səmimi atmosfer «Açıq qapı» aksiyasının ruhuna tam uyğun gəlirdi. Nazirə şikayətlərini çatdırmaq istəyənlər də tapıldı və həmin şikayətlər hərbi hissə ilə bağlı olmasa da Zakir Həsənov ərizəsini ona çatdırmaq istəyən yerli sakinləri elə oradaca qəbul etdi.


«Açıq qapı» öz yerində, amma səngər daha maraqlıdır...


«Açıq qapı»nı izləmək əlbəttə, maraqlıdır, ancaq məni səngərdəki əsgər daha çox maraqlandırır. Ötən ilin aprelində Azərbaycan ordusunun artilleriya zərbələrindən yer titrəyən bu torpaqlarda düşmənlə üzbəüz dayanmış əsgərin gözlərinə baxmadan ordunun döyüş əzmi barədə təəssüratlar da yarımçıq olardı...

Beləliklə, günün ikinci yarısıdır və zabitlərin müşayiəti ilə «N» saylı hərbi hissə komandirinin «Niva»sında təmas xəttinə ən yaxın yaşayış məntəqəsi olan Qapanlı kəndini keçib ön xəttə doğru istiqamət alırıq. «Açıq qapı» tədbirlərinə görə Tərtərdə olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini də yol yoldaşımdır.


Gözlərindən sanki qığılcım saçan döyüşçülər


«Niva» çınqıl döşənmiş qrunt yollarla toz qaldıra-qaldıra irəliləyir, çox keçmir ki, bölmənin yerləşdiyi əraziyə çatırıq. Bura artıq cəbhə xəttidir. Əsgərlər tam döyüş təchizatı ilə sıraya düzülüb. Yandırıcı günəşin, qızmar istinin və səhra şəraitində döyüş növbətçiliyinin təsirindən mis rəngi almış, dəmir kimi bərkimiş əsgər və zabitlərin gözləri sanki qığılcım saçır.

Dərhal sezmək olur ki, bunlar kazarma şəraitində qulluq edən adi əsgər və zabitlər deyil, burunlarına barıt qoxusu dəymiş əzmkar döyüşçülərdir. Komandir raport verir, bayram təbriklərimizi çatdırıb döyüşçülərlə söhbətləşməyə başlayırıq.

Sumqayıtdan hərbi xidmətə çağırılmış əsgər Vüsal İsmayılovu, Tovuzdan Elşən Qədirlini, digər əsgərləri söhbətə tuturam, «ailələrinizə, dostlarınıza nə çatdırmaq istərdiniz» - deyirəm.

«Bayramlarını təbrik edirik, bir də deyirik narahat olmasınlar. Hər şəraitimiz var, heç nədən korluq çəkmirik. Yeganə arzumuz döyüşmək, düşməni əzməkdir» əsgərlər deyir.


Komandir: «Onlardan 3-nü vurmuşuq...»


Komandirdən, hündürboy, xarizmatik baş leytenant Elçin Quliyevdən təmas xəttinin bu istiqamətindəki vəziyyət barədə soruşuram. «Hazırda sakitlikdir. Başlarını qaldırmağa cəsarət eləmirlər» - gözlərindən düşmənə qəzəb qığılcımları saçan, ötən ilin aprel döyüşlərində əsgərləri ilə düşmənə sarsıdıcı zərbələr vuran komandir əminliklə deyir.

«Son bir neçə gün ərzində onlardan 3-ünü vurmuşuq, 11 müşahidə kamerasını sıradan çıxarmışıq. Bu istiqamətdə düşmənin müşahidə sistemləri demək olar ki, tam sıradan çıxdı» - Tovuzdan olan gənc zabit sözlərinə əlavə edir.

Düşmənin son günlərdə verdiyi bu itkiləri gizlətdiyini, təkcə bir hərbçinin «mina partlayışından öldüyünü» açıqladığını komandirə xatırladıram. Söhbətə «N» saylı hərbi hissənin təcrübəli, hələ birinci Qarabağ müharibəsi dövründən orduda xidmət keçən zabiti, təmas xəttinə səfərdə bizi müşayiət edən Anar Cavadov müdaxilə edir: «Eybi yox, itkilərinin saylarını gizlətsinlər. Bizim snayperlər saymağı pis bacarmır».

Məlumdur ki, Ermənistan Müdafiə Nazirliyi ötən ilin aprelində aldıqları zərbədən sonra təmas xətti boyu mövqelərin möhkəmləndirildiyi, hansısa müasir videomüşahidə-kəşfiyyat sistemləri ilə təchiz olunduğu haqda tez-tez bəhs edir, lovğalanır. Bu baxımdan düşmənin videomüşahidə-kəşfiyyat imkanlarının necə dəyişdiyi haqda komandirə sual verirəm.


Düşmən əsgər çatışmamazlığını kameralarla ört-basdır edir


Komandir deyir ki, bunlar adi müşahidə-gecəgörmə kameralarıdır. Hansı ki, bizim snayperlər onların yerini müəyyən edib sıradan çıxarmaq üzrə artıq ustalaşıblar. Tez-tez dəyişdirməyə, yenilərini gətirib qurmağa məcbur olurlar.

«Bizim sərəncamımızda olan mükəmməl və ən müasir videomüşahidə-kəşfiyyat vasitələrini onlar heç yuxularında da görməyiblər. Burunlarını qurdalayanda da xəbər tuturuq» - baş leytenant deyir.

Komandir əlavə edir ki, ermənilərin postlarında əsgər çatışmır, elə post var ki, cəmi iki-üç əsgər var. Bu səbəbdən düşmən şəxsi heyət çatışmazlığını videomüşahidə sistemləri ilə kompensasiya etməyə çalışır, əsgər qoya bilmədikləri  postlar var ki, oranı ancaq videomüşahidə sistemləri ilə nəzarətdə saxlamağa çalışırlar.


«Əsgərlərimiz vurub saldı, balaca kvadrakopter idi...»


Düşmən təmas xətti boyu hərdən dronlardan da istifadə edir. Komandir bildirir ki, bunlar hərbi təyinatlı istifadə üçün nəzərdə tutulmayan, hər yerdə satılan adi kvadrokopterlərdir: «Mən burada xidmət etdiyim müddətdə bir dəfə də olsun onların hərbi kəşfiyyat təyinatlı böyük dronlardan istifadə etdiyini görməmişəm. Hərdən kvadrokopter qaldırırlar, onu da vurub salmaq elə çətin olmur. Məsələn, bir neçə gün əvvəl qaldırmışdılar, əsgərlərimiz vurub saldı. Adi, kiçik kvadrokopter idi. Ötən ilin aprel döyüşlərindən sonra çox narahatdırlar, düşmən tərəfdə daim təşviş hökm sürür. Biz tərəfdən hansısa texnikanın hərəkətinin səsini eşidən kimi kvadrokopter qaldırırlar, nə baş verdiyini görməyə çalışırlar. Qorxurlar ki, qüvvə cəmləşdirib hücuma keçərik. Qorxmaqda haqlıdırlar, çünki Azərbaycan əsgərinin döyüş əzmini ötən ilin aprelində görüblər və yaxşı bilirlər ki, gec-tez işğal etdikləri bu torpaqlardan qaçmalı olacaqlar».


«Əsgərləri tanıya bilmirdik, şirə dönmüşdülər...»


- Siz bir görəydiniz, ötən ilin aprelində əsgərlərimiz burada necə döyüşürdü. Allaha and olsun ki, tabeçiliyimizdəki əsgərləri tanıya bilmirdik, şirə dönmüşdülər.  Bir əsgər vardı, hamı onu ən fağır bilirdi, döyüş başlayanda bir anın içində necə dəyişdi, məəttəl qaldıq. Dayanmaq bilmirdi, necə əzmkarlıqla döyüşürdü, bunu sözlə izah etmək çətindir, - zabit Anar Axundov söhbətə qoşulur.

«N» saylı hərbi hissənin zabiti deyir ki, həmin döyüşlərdə tabeçiliyindəki əsgərlərdən ikisi yaralanıb, ancaq döyüşlər dayandırılana qədər onları hospitala göndərə bilməyib. Çünki yaralı əsgərlər döyüş yoldaşlarını qoyub hospitala getməkdən imtina edirdilər.

- Cəzalandırmaqla hədələdim, yenə xeyri olmadı, axırda əl çəkdim. Belə əsgəri olan ordunun qarşısında düşmən dayana bilərmi? - Axundov sual edir.


Aprel döyüşlərinin nəticələri haqda: «Bu xalq torpaqlarından əlini üzməyib»


Zabit söhbətinə davam edir: «Aprel döyüşlərində gördük  ki, Azərbaycan əsgəri torpaqları azad etmək üçün hansı əzmkarlıqla döyüşməyə qadirdir.  Ordumuz düşmənin məğlubedilməzliyi barədə mifi darmadağın elədi, özünə inam artdı, hamı gördü ki, döyüşüb düşməni məğlub etmək, torpaqları geri almaq olar. O biri tərəfdən bizi ruhlandıran bilirsinizmi nə oldu? Hər tərəfdən, bütün bölgələrdən döyüşən əsgərə dəstək vermək, könüllü kimi döyüşmək üçün axın edirdilər. Quzu kəsib kabab bişirən kim, maşınlarla dolu içməli su, siqaret, ərzaq gətirən kim...İnsanların qarşısını ala bilmirdik, onlara deyirdik ki, Azərbaycan dövləti əsgərə lazım olan hər şeyi gen-bol təmin edib, heç nəyə ehtiyac yoxdur, ancaq bizi eşitmək istəmirdilər. Təkcə mən özüm döyüşmək üçün yalvarıb silah istəyən neçə nəfəri birtəhər geri qaytarmışam. Deyirdim ki, bizim ixtiyarımız yoxdur, hərbi komissarlığa gedin, onlar göndərsinlər, eşitmirdilər. Bir daha əmin olduq ki, bu xalq torpaqlarından əlini üzməyib, döyüşüb öz torpaqlarını geri almağa hazırdır...»

Komandirlər deyir ki, ötən ilin aprelində əsgəri ən çox məyus edən döyüşlərin dayandırılması oldu. Və indiyə qədər də bu məyusluq, narazılıq qalır: «Əsgər soruşur ki, komandir, biz niyə dayandıq? Niyə onları axıra qədər qovmadıq?».

Söhbətimizi başa vurub yenidən «Niva»ya əyləşirik, yarğanı xatırladan, iki tərəfdən torpaq təpəcikləri ilə əhatələnmiş, gah sağa, gah sola burulan yolla döyüş postlarından birinə doğru istiqamət alırıq. Döyüş mövqeyinə çatırıq. Burada da bizi tam döyüş təchizatlı əsgərlər, onların komandiri qarşılayır. Əsgərlərlə görüşürük, hal-əhval tuturuq. Müharibə, səngər cəmi 18-19 yaşları olan bu gəncləri necə inanılmaz dərəcədə dəyişib. Hamısının sifətində sərt, eyni zamanda qətiyyətli və təmkinli ifadə var, gözlərindən sanki düşmənə qəzəb, nifrət saçır.


Postda: «Mərmi başlarına düşən kimi sükut çökdü...»


Vəziyyətlə maraqlanıram, əsgərlər deyir ki, iki gündür sakitlikdir, atışma yoxdur.

- Axırıncı dəfə iki gün qabaq atdılar, daha doğrusu buna cəhd elədilər, - post başçısı  deyir.

- Bizim minaatan mərmini başlarına salan kimi sükut çökdü, elə bil qurbağa gölünə daş atdılar, - pulemyotçu əsgər təbəssümlə əlavə edir.

- Cəmi 6 ayın əsgəridir, amma hədəfi elə birinci mərmidə vurur...

- Uzağı ikinci, - minaatan əsgər özü təvazökarlıq edir.

Bu postda növbə çəkənlər arasında Bakıdan İsmayılov Ceyhun, Qazaxdan Kobalov İsmayıl, Tovuzdan Həsənov Sahil, digərləri var, əsgərlər çox danışmağı sevmirlər, həm də qonaqla danışmağa gələndə deyəsən bir az utancaqdırlar...


Düşmən mövqeyinə qədər məsafə çox yaxındır


Ötən ilin aprelində Azərbaycan ordusu təmas xəttinin bu istiqamətində də irəliləyib, mövqelərini xeyli irəli çəkib. Komandirdən icazə alıb müşahidə məntəqəsinə qalxıram, müşahidə qurğusu ilə düşmən postlarına baxıram. Sakitlikdir, düşmən öz hinindədir. Uzaqda isə Ağdərə dağları görünür...


- Əsgər Həsənov, düşmən səngərdən başını qaldırsa dərhal nə edirik?- müşahidəçi əsgərdən soruşuram.

- Dərhal atəş, komandirin əmri belədir.

- Bizim sərəncamımızda düşmənin nəzarətində olan ərazilərin 20-25 kilometr dərinliyində sürünən, yeriyən, uçan nə varsa hamısını izləməyə imkan verən elə qurğular var ki... Onların istənilən hərəkətini nəzarətdə saxlayırıq - komandir bildirir.

- Snayperlərimiz də öz yerində, elə bu saat da ərazidə öz işlərindədir, ancaq siz onları görmürsünüz, görə bilməzsiniz, -«N» saylı hərbi hissənin zabiti Axundov əlavə edir.

Postda əsgərlərin məişət şəraiti ilə maraqlanıram. Hər şey öz qaydasındadır. Döyüş növbəsini başa vuran əsgərin yatıb dincəlməsi üçün yaylı yataqlar, təzə çarpayılar, daimi isti suyu olan hamam, kombi istilik sistemi, gen-bol sursat, ərzaq, çay, kofe...Döyüş növbəsi çəkən əsgərə bundan artıq daha nə lazımdır ki?...

Əsgərlərlə sağollaşırıq. Axundov hamısını bir-bir qucaqlayıb öpür, «bunlar mənim igidlərimdir» - deyir.

- Hə, qoçaqlar, gələndə sizə nə gətirim, ürəyinizdən nə keçir? - postdan ayrılan zabit onlardan soruşur.

- Sağ ol komandir, hər şeyimiz var, - əsgərlər cavab verir.

- İstənilən başqa orduda komandir əsgərlərə bu sualı versə yəqin uzun siyahı alardı, amma siz deyirsiniz heç nə, - zarafatla əsgərləri komandirin bu təklifindən yararlanmağa ruhlandırıram.

- Bunlar belədir, bir az utancaqdır. Yaxşı, mən özüm baxaram, nələrsə gətirərəm, - zabit əsgərlərə əl yelləyib «Niva»ya əyləşir.


Qarışıq hisslər...


Postdan ayrılıb üzü Bakıya doğru istiqamət alırıq. Yol boyu qarışıq hisslər məni bürüyür. Bir tərəfdən qürur hissi. Axı Azərbaycanın bu cür yüksək səviyyədə təchiz olunmuş ordusu, mərd, qorxmaz əsgərləri var və deməli itirilmiş torpaqları döyüşüb azad etmək mümkündür. O biri tərəfdən qəzəb qarışıq məyusluq hissi...

20 ilə yaxındır Qarabağ mövzusundan yazan, Minsk Qrupu çərçivəsində aparılan danışıqların az qala bütün mərhələlərini izləyən, təhlil edən jurnalist kimi bu münaqişənin niyə indiyə qədər həll edilməməsinin, torpaqlarımızın hələ də işğal altında qalmasının səbəbləri mənə aydındır. Axı bu təkcə Azərbaycanla Ermənistan arasındakı məsələ deyil. Biz erməniləri tarix boyu öz imperiya maraqları üçün alət kimi istifadə edən güclə qarşı-qarşıyayıq...

 





05.09.2017    çap et  çap et