Millinin matçı bir neçə həftə öncə bu arenaya salındı. Öncə matçın Bakı Olimpiya Stadionunda təşkili nəzərdə tutulmuşdu. Burada qazonun vəziyyətinin düzəlməyəcəyi anlaşılınca, matç 8-ci kilometrə köçürüldü. Halbuki həmin vaxt «Neftçi»nin ev oyunlarını keçirdiyi arenanın da bərbad vəziyyətdə olduğu aydın idi. Əvəzində son illərdə ilk dəfə TofiqBəhramov adına Respublika stadionunun durumu ideal idi. Amma AFFA ölkənin ən yaxşı arenasını deyil, «Bakcell Arena»nı seçdi.
Səbəb aydındı: bizimkilərə yaxşı meydan lazım deyil, Avropaya yayımlanan bir matçda ölkəni gözdən salmaq daha məsləhətdi. Təki pul özlərinə qalsın. Axı, stadionun istifadəsi üçün xərclənən pulu Respublika stadionuna köçürsəydilər, özlərinə pay çatmayacaqdı. «Bakcell Arena» isə AFFA-nın balansındadı və burada maliyyə bir cibdən obirisinə gedir.
Bu rəzaləti San Marino üzərində 5:1 hesablı qələbə örtsə də, ümid edirik, bundan narahat olanlar da var. Elə həmin adamlar üçün xatırladaq ki, 3-4 aydan bir qazonu məhv olan bu stadiona il ərzində 500 min manata yaxın pul xərclənir. 2015-ci ilin hesabatında qeyd olunmuşdu ki, AFFA «Bakcell Arena»ya 471 min manat vəsait ayırıb. 2016-da bu məbləğ 181 minə düşdü, ancaq işçilərin əmək haqqlarına və kommunal xidmətlərə görə qalan 290 min manatı «Neftçi» ödəyir.
Deməli, yenə də yalnız qazonun saxlanılmasına görə aya 15 min manat xərclənir. Əcəba, niyə? İşçinin maaşı, kommunal xidmətlərə görə gedən haqq «Neftçi» tərəfindən ödənilirsə, «AgroSport Azerbaijan»a belə məbləğ niyə verilsin ki? AFFA-nın baş katibi Elxan Məmmədovun şirkəti olmağa görəmi dövlətin pulu dağıdılır?
Ortada iş, nəticə olsa, yenə də buna göz yummaq olar. Axı, bu arenaya görə hər yay, hər qış utanırıq…