Vaxt.Az
Müharibə başlayır?!
Tərəflər bunu necə hesablayır? Bir güllə açıldığında atəşkəs pozulmuş sayılır, yoxsa atışma mərhələsində?
«Xarici işlər nazirlərinin görüşü ərəfəsində ermənilərin cəbhə xəttində fəallaşması təsadüfi deyil. Belə ki, bununla da Ermənistan öz-özlüyündə Bakıya təzyiq göstərdiyini sanır.Bunu İnterpress.az-a hərbi ekspert Cəsur Sümərinli deyib. Onun sözlərinə görə, erməni kəşfiyyat-diversiya qrupunun qarşı tərəfə keçmək cəhdi vəziyyətin ciddiliyini göstərir. « Bəzən ortada heç bir aktivlik olmur, amma tərəflər bu barədə məlumat yayaraq informasiya müharibəsi aparırlar. Açığı bu zaman məlumatın həqiqət olub olmadığını müəyyənləşdirmək bir qədər çətinləşir. Mənim üçün xüsusi maraq kəsb edən məsələ atəşkəsin pozulması hallarının hesablanması metodudur. Tərəflər bunu necə hesablayır? Yəni hər bir güllənin açıldığı zaman bu, bir atəşkəs pozuntusu hesab olunurmu? Yoxsa bir atışma mərhələsi? Eyni zamanda Minsk Qrupu çərçivəsində davam edən danışıqlarda tərəflərin qəbul etdiyi atəşkəsin pozulması mexanizmi varmı? Bunlarla bağlı Azərbaycan Müdafiə Nazirliyinə sorğu göndərmişəm və ümid edirəm ki, onlar bu sorğunu cavablandıracaqlar».
Hərbi ekspert Üzeyir Cəfərli isə Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində fəallaşmasını 20 Yanvar faciəsinin ildönümü ilə əlaqələndirir. «Ermənilərin atəşkəs rejiminə əməl etmək istəməmələri və etməmələri şəxsən mənim üçün yenilik deyil. Bu illər ərzində onlar cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində saysız-hesabsız atəşkəs rejimini pozublar. İndi itkilərimiz olmasa da, amma müxtəlif vaxtlarda bizim həm hərbçilər, həm də mülki şəxslər arasında itkilərimiz olub. Adətən ermənilər daha çox Azərbaycan üçün önəmli günlərdə belə təxribatların sayını artırırlar. 20 Yanvar Ümumxalq hüzn günündə onlar dövriyyəyə belə bir dezinformasiya buraxdılar ki, guya bizim hərbçilər onların ərazisinə keçib. Bu da məqsədyönlü şəkildə edilmişdi. İndi isə özləri təxribata cəhd ediblər və bunun da qarşısı alınıb. Bundan sonra tərəflər arasında gərginlik daha da artacaq və ola bilsin ki, bəzi hallarda bu, lokal xarakterli əməliyyatlara da çevrilsin. Amma geniş miqyasda bunun müharibə amilinə keçəcəyini düşünmürəm».
22.01.2014 çap et