Nazirlikdən VAXT.AZ saytına verilən məlumata görə, Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb. Şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.
Hesabatda qeyd olunub ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. Bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 50.6 faiz təşkil edib. Bu da ötən illə müqayisədə 6.7 faiz artıqdır. Qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.