Xəbər verildiyi kimi İsraildə «Orbiter 1K» pilotsuz zərbə aparatlarının böyük partiyasının Azərbaycana satışı ilə bağlı qalmaqal qaldırılıb. Buna səbəb Azərbaycan tərəfinin «Aeronautics Defence Systems» şirkətinin operatorlarından həmin dronları təmas xəttinin şimal istiqamətində erməni mövqelərinə qarşı tətbiq edilməklə sınaqdan keçirməyi tələb etdiyi haqda iddialardır.
Məlumatlara görə İsrail şirkətinin operatorları bundan imtina ediblər, nəticədə şirkətin yüksək vəzifəli meneceri özü dronu hədəfə yönəldib və dəqiq vura bilməyib. Bu iddialarla bağlı İsrail Müdafiə Nazirliyi araşdırmalara başlayıb. Bir neçə gün əvvəl «Aeronautics Defence Systems» şirkəti elan edib ki, təhqiqatla bağlı «Orbiter 1K» PUA-larının «tərəfdaş ölkəyə» ixracına dair lisenziyanın qüvvəsi müvəqqəti dayandırılır.
Polşanın Keltse şəhərində keçirilən sərgi zamanı şirkətin rəsmiləri deyiblər ki, bu mövzu ilə bağlı heç bir şərh verməyəcəklər. «Biz ancaq bunu deyə bilərik ki, İsrail Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılır və bu (ixracın müvəqqəti dayandırılması) sadəcə olaraq texniki məsələdir», - şirkət rəsmiləri deyiblər.
«Aeronautics Defence Systems» şirkəti öz pilotsuz zərbə aparatlarını Polşaya da ixrac etmək niyyətindədir. Polşa bu şirkətin istehsal etdiyi pilotsuz aparatların əsas müştərilərindən biridir.
«Orbiter 1K xüsusi təyinatlı qüvvələr üçün yaxşı vasitədir və artıq döyüşdə sübut olunub»-şirkətin baş direktorunun müavini Dani Eşar bildirib. Şirkət «Orbiter» seriyasından «Orbiter 4»-ü də nümayiş etdirib. Bu, 24 saat havada qala bilən, 6 min metrdən yüksəklikdə uçan və iki istiqamətli faydalı yük daşıyan zərbə aparatıdır.
İsrail şirkətinin nümayəndələrinin təsdiq etdiyi kimi «Orbiter 1K» dronlarının Azərbaycana ixracının dayandırılması müvəqqəti xarakter daşıyır və Müdafiə Nazirliyi tərəfindən aparılan təhqiqata görə atılmış texniki xarakterli addımdır. Yəni bu kamikadze-dronların 23 milyon dollarlıq iri partiyasının Azərbaycana çatdırılması bir az ləngiyə bilər, ancaq «Aeronautics Defence Systems» şirkəti özünün ən iri müştərilərindən biri ilə tərəfdaşlığı davam etdirir.
Qeyd edək ki, Azərbaycanın İsraildən «Aeronautics Defence Systems» şirkətinin ən son model «Orbiter 1K» dronlarını almaq üzrə olduğu haqda xəbərlər Ermənistanda ciddi təşvişə səbəb olmuşdu. Və həmin dronların ixracının dayandırılması barədə xəbərlərdən ermənilər xeyli sevindi. Ermənistanda etiraf edirlər ki, bu dronlara qarşı müdafiə olunmaq faktiki olaraq mümkün deyil. Dron hədəfi saatlarla havada asılı qalaraq izləyir və 4 min metrdən onun üzərinə şığıyıb məhv edir. Hədəf isə dronun təchiz edildiyi partlayıcının həcmindən asılı olaraq avtomobil texnikasından tutmuş zirehli texnikaya qədər müxtəlif ola bilər.