Qurban bayramının tarixi, ...
Dini dünyagörüşündə qurbankəsmə mərasimi İslamdan da əvvəl mövcud olub. Lakin o vaxtlar bu mərasim günahdan təmizlənmək kimi primitiv dünyagörüşünə əsaslanaraq, guya qəzəblənmiş tanrıların könlünü almaq üçün həyata keçirilirdi.
Qədim Şərqdə, eradan əvvəlki dövrün Avropasında, həmçinin hindu qəbilələrində də bu ayin böyük miqyasda həyata keçirilib. Amma çox təəssüf ki, insanlar qurban verilirmiş. Yalnız təkallahlı dinlərdə – Yəhudilik, Xristianlıq və İslamda insanın qurban verilməsi qadağan edilib.
Dində qurbankəsmə ayini İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Yuxuda Allah İbrahim peyğəmbərə onun Allaha imanını, etiqadını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl etiqad sahibi kimi tərəddüd belə etmədən Allahın əmrini yerinə yetirməyə hazır olur. İsmayılın özü də atasının və ən əsası, İlahi iradənin əksinə getməyərək qurban olmağa razılaşır. Bu haqda Quranda yazılır:
«O yüyürüb–qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda ona dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Gör nə fikirləşirsən!» O dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!»
Onların hər ikisi təslim olduğu və üzüüstə yerə yıxıldığı zaman Biz ona belə xitab etdik: «Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!» Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə müafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi!» (Saffat surəsi, 102–111-ci ayələr.)
Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər birində müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İslamda insanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilib. İslama görə, qurban «Allaha yaxınlaşdıran» mənasını ifadə edir. İbrani dilində isə «gorban», yəni Allah rizası üçün verilən pay anlamında işlədilir.
... fəlsəfəsi və ...
Dini rəvayətlərə görə, İbrahim peyğəmbər Allahdan əmr alan kimi, buyruğu yerinə yetirmək üçün Mina dağına gedir. Əvvəlcə qarşısını şeytan kəsir və düz üç dəfə ona mane olmaq istəyir, İbrahimi bu işdən yayındırmağa çalışır. İbrahim peyğəmbər isə hər dəfə daş atmaqla şeytanı özündən uzaqlaşdırır. Qeyd edək ki, Həcc mərasimində şeytana daş atma ayini də buradan götürülüb. Uzun illər övlad həsrətində olan İbrahim Allahın ona sonradan bəxş etdiyi oğlu İsmayılın boynuna düşünmədən bıçağı dayayır. İti bıçaq iki dəfə İsmayılın boynunu kəsmir. Üçüncüdə isə Allahın vəhy mələyi olan Cəbrayıldan səda gəlir və səmadan İsmayılın – insan övladının ölümünə son qoyan qoç endirilir. İslam hədislərinə əsasən, o qoç düz 40 il cənnət çəmənliklərində otarılmış və həmin gün üçün hazırlanmışdı. İbrahimlə İsmayılın Allaha etiqad sınağından üzüağ çıxmağı insanlıq tarixində yeni bir mərhələnin əsasını qoydu. Cəbrayılın endirdiyi qoç, əslində, kosmik nizamın, İlahi ahəngin var oluşunun bir növ təminatı idi. Həmin qoçu insan övladının adına göndərilən səmavi razılıq, İlahi təşəkkür kimi də anlamaq olar. Qoç – mahiyyətində razılıq, etibar, etiqada qarşılıqlı təşəkkür olan kosmik ismarıcın maddiləşmiş formasıdır. İslam dünyası artıq əsrlərdir ki, həmin ismarıcın göylərdən insana çatdığı günü, həmin günün müqəddəsliyini qeyd edir.
... mahiyyəti
Qurban bayramlarında kəsilən heyvanlar, paylanılan ətlər məsələnin yalnız zahiri yönüdür ki, Qurbanın əsas fəlsəfəsini, mahiyyətini anlamaq üçün yalnız onları görmək kifayət etmir. Qurban bayramı ilk dəfə insanla Ali İlahi Energetika arasında olan səddi aradan qaldırıb. O enerji səmadan insan ruhuna – İbrahimin qəlbinə, İsmayılın gözlərinə axır. İbrahimin qəlbi yenidən dirilir, İsmayılın gözləri işıqlanır. Ata oğlunu qucaqlayaraq hönkürtü ilə ağlayır. Bu, əslində, sevincin, İlahi tərəfindən razılıq qazanma səbəbindən yaranan xoşbəxtliyin acizanə ifadəsidir. Kosmik bənd aradan qalxır, İlahi razılığın maddiləşmiş forması olan heyvan insan oğlunu – bəşəriyyətin əşrəfini xilas edir.
Hər il keçirilən Qurban bayramı, bu zaman insanlar tərəfindən müqəddəs niyyətlərlə kəsilən 4 növ heyvan (qoç, keçi, cöngə və dəvə) İslam coğrafiyasını müqəddəslik dumanına bürüyür.
Azərbaycanda Qurban bayramı
Qurban bayramı gizli çalarları, mahiyyəti ilə hər zaman Azərbaycanda da böyük sevgi ilə keçirilib. Təbii ki, orta əsrlərdən bu yana Qurban bayramı Azərbaycanda hər zaman qeyd edilib. Azərbaycanın yerləşdiyi coğrafiya və etiqad etdiyi İslam mənəviyyatı zaman kontekstinə sığmayıb və Qurban bayramının mənəvi aurası hər zaman dövlətçilik tariximizlə bir addımlayıb. Dünya müsəlmanlarının birlik və həmrəylik bayramı olan Qurban XII əsr Şərq intibahında da, İslam coğrafiyasının qılınclar altında qaldığı əsrlərdə də öz aktuallığını itirməyib.
Hətta cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti və ona rəhbərlik edən hökumət də Qurban bayramına biganə qalmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə «İqbal» qəzetinin 1914-cü il sayında «Qurban münasibətilə» başlıqlı məqalə yazıb. Həmin məqalədə Rəsulzadənin Qurban bayramına, onun dərinliyində yatan birlik fəlsəfəsinə münasibəti ümumən dövlətçiliyin mənəvi ideologiyaya olan rəğbətini özündə əks etdirir.
Daha sonra isə 70 il sovet tərkibində qalan Azərbaycan yenə də Qurban bayramına biganə qalmayıb. Yenidən müstəqillik qazanıldıqdan sonra dövlətin də dəstəyi ilə Qurban bayramı daha mütəşəkkil qeyd olunmağa başlanıldı.
1994-cü ilin yazının ağır siyasi mənzərəsi, yəqin ki, hamının yadındadır. Müharibə aparan dövlət həm də öz iqtisadiyyatını yenidən qurmağa, özünü dünya çapında təsdiq etməyə can atır. Çox təəssüf ki, bəzi daxili və xarici qüvvələr buna qarşı çıxır. Amma bu qədər çətinliyin içində Azərbaycanın o vaxtkı Prezidenti Ümummilli lider Heydər Əliyev mayın 21-də – Qurban bayramında Bibiheybət məscidinə gedərək, xalqı Qurban bayramı münasibətilə təbrik edir. Bu fakt özündə çox böyük missiyanı ehtiva etdi. Milli dövlətçilik ənənəsi mənəvi, ilahi qatlarla daha da gücləndi. H.Əliyevin Qurban bayramı münasibətilə xalqı təbrik etməsi və bayramın geniş keçirilməsi üçün göstərdiyi dəstək Azərbaycanın gələcək ideoloji prinsiplərinin əsaslarını qoydu.
Heydər Əliyev o zaman qeyd etdi ki, Qurban bayramını Azərbaycan xalqı ağır vəziyyətdə keçirir: «Xalqımız təcavüzkarlar tərəfindən müharibəyə cəlb olunub. Qəhrəman oğullarımız torpaqlarımızı qorumaq uğrunda şəhid olurlar. Biz doğma torpaqlarımızı müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək, milli, dini ənənələrimizin hamısını bərpa edəcəyik. Xalqımız bundan sonra ulu babaların yolu ilə, Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və xoşbəxt gələcəyə çatacaqdır».
Xoşbəxt gələcək düsturunun tərkibində mənəvi dirçəliş kodeksinin də olması xalqı yenidən öz ruhi yaddaşına qaytarmaq məqsədi güdürdü. Əsl xoşbəxtlik də məhz bunda idi: xalqın özünün ruhi yaddaşına qayıtması. Qurban bayramına sıravi şəriət hökmləri ilə deyil, bu cür ideoloji, mənəvi rakursdan yanaşılması Azərbaycanda ruhi dirçəlişin ilk rüşeymlərini yaratdı.
Qurban bayramına olan bu münasibət bu gün də yüksək səviyyədə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər dövlət və dini bayramlar kimi, Qurban bayramının da xalq tərəfindən lazımi şəkildə qeyd olunmasına böyük önəm verir, bu mərasimin mənəviyyat tariximizdə xüsusi yer tutduğunu qeyd edir. Hər il Qurban bayramı ərəfəsində iki qeyri iş gününün elan edilməsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, bayramı birinci gün qeyd edə bilməyən ikinci gün bunu aradan qaldırmaq imkanı qazanır. Eynilə dini mənbələrdə də Qurbanın qeyd olunması bu mexanizmə əsaslanır.