Vaxt.Az

Qılınc müsəlmanı...


 

... yaxud qozbeli qəbir düzəldər

Qılınc müsəlmanı... Pintiyik, çox pintiyik. Bunu ürək ağrısı ilə yazıram, amma etiraf edək ki, haqlıyam. Hər addım bu kütləvi pintiliyin şahıdı oluruq. Yox, əlbəttə, ayrı-ayrılıqda hamımız çox təmizkar və səliqəliyik, lakin necə olursa, nəticədə pintilik qələbə çalır.

Srağagün KATV-ın ustaları gəlib qonşuya kabel çəkiblər, mərtəbəmizi bərbad vəziyyətdə qoyub gediblər.

Qonşuya da iradımız var, nəzarət etməyib, babalısı öz boynuna, amma axı siz, ustalar, nəyə görə belə, üzr istəyirəm, eşşəklik etmisiniz?

Məftil qırıqlarını, töküntülərı, zir-zibili qoyub getmisiniz, niyə? İşi bitirdikdən sonra yeri süpürmək çətindirmi? Axı necə əliniz gəlib siqareti metlaxın üstündə söndürüb, yerə atmağa? Evinizdə də belə edirsiniz?

Mən mərtəbəmizə, yəni ümumi sahəyə mənzillərimizin davamı kimi baxıram. Gül qoymuşam, divarlardan Anamın əl işlərini asmışam. Bu mənzərəni görəndə isə çox əsəbiləşdim.

İnanıram ki, KATV rəhbərliyi həmin ustaları tapıb cəzalandıracaq. Düzünü desək, mən KATV rəhbərliyi olsaydım, məcbur edərdim ki, həmin ustalar gəlib mərtəbəmizi şampunla yusunlar.

Nahaqdan deməyiblər «qılınc müsəlman», yalnız döyə-döyə əhilləşdirmək olar nadanları.

Ümidvaram, KATV şirkəti öz yüksək nüfuzunu qoruyaraq, tədbir görəcək. Lakin bütövlükdə isə problem olduğu kimi qalır.

O gün görürəm irəlidə gedən bahalı avtomobildən bir topa salfetka atdılar pəncərədən düz yolun ortasına.

Çatıb baxıram, kim olsa yaxşıdır? Gənc və yaraşıqlı bir xanım.

Dilim qurudu...

 





11.09.2017    çap et  çap et