H.Əzimov isə «Gündəlik Teleqraf»a müsahibəsində yenidən hücum taktikasını seçib. Sitat: «Bu agentlər də arxayın olduqlarından yekə-yekə danışırlar. Bir daha onlara deyirəm ki, özünüzü yığışdırın, biz bilirik ki, kim kimdir. Üstəlik, Azərbaycana qarşı separatçılıqla məşğul olmayın, etnik zəmində münaqişə törətməkdən əl çəkin. Mən etnik münaqişə törədən separatçılara qarşı mübarizə aparıram».
Professor əlavə edib: «Mehdibəy Səfərov əvvəl Talış Birliyi adlı qurum yaratdı. Guya bizdə talışların hüquqları pozulur, Azərbaycanda onlara qarşı ayrı-seçkilik qoyulur və s. Sonra gördülər ki, bu baş tutmur. Simalarını dəyişərək bu dəfə Azəri - Talış Birliyi yaratdılar. Maskalarını dəyişib başqa dona girərək fəaliyyətlərini davam etdirməyə çalışırlar. Amma heç bir şey edə bilmirlər».
H.Əzimov M.Səfərovun MŞ-yə necə üzv olması sualına belə cavab verib: «Bu sualı Eldar Namazova vermək lazımdır. Milli Şura təsis edilən zaman bu reallaşıb. Rüstəm İbrahimbəyov Azərbaycanın siyasi meydanında kimlərin kim olduğunu bilmir. Bu məqamdan istifadə edən müəyyən şəxslər Milli Şura yarananda bu adamları ora daxil ediblər».
H.Əzimovun sözlərinə görə, onlar xaricdən pul alıb güzəranlarını keçirirlər: «Bəyəm bunlar talış xalqının nümayəndəsidir? Heç öz qohumlarının, kəndlilərinin yanında bunların nüfuzu, hörməti yoxdur. Bunlar satın alınmış adamlardır ki, atıblar ortaya və bu yolla qan qaraldırlar. Demirəm ki, bu adamlar həbs edilsin. Əlbəttə, mən bunun əleyhinəyəm.
Nəzərə alın ki, həbs etməklə yanaşı profilaktik tədbirlər də həyata keçirilir. Çağırıb deyə bilərlər ki, biz sənin kim olduğunu bilirik, get özünü yığışdır, başını sal aşağı, bir işlə məşğul ol. Əgər intellektual işlə məşğul ola bilmirsənsə, get alver elə.
Mehdibəy Səfərov da deyirdi ki, mən son zamanlar bizneslə məşğul idim. Balam, get biznesinlə məşğul ol. Bu ona deyilməlidir. O da bilməlidir ki, nə işlə məşğul olduğu haqda informasiya var. Ancaq təəssüflər olsun ki, demirlər. Desəydilər, bu adamlar belə hərəkətlər etməzdi».
M.Səfərov «Yeni Müsavat»a açıqlamasında qeyd etdi ki, məsələ artıq əndazəni aşıb və H.Əzimova «dur» deyən tapılmır. Onun fikrincə, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu dövrdə ortaya atılan əsassız iddialar uzadılır. M.Səfərov hesab edir ki, heç bir etnik münaqişə olmadığı, talış fəallar hər hansı qızışdırıcı çıxışlar etmədiyi halda H.Əzimovun açıqlamaları arqumentsiz görünür.
O, VAMP sədrinin Milli Şurada qalmasını fəlakət adlandırdı: «Biz gözəyirik ki, Milli Şura onun bu çıxışlarına münasibət bildirsin. Əgər davam eləsə, Milli Şura ilə bağlı fikirlərimizdə dəyişiklik edək. Hacıbaba Əzimov yaşlı adamdır, qəzetlər də onu qızışdırırlar. Heç olmasa ailəsi onu başa salsın ki, belə etmə, özünü gözdən salma. Onun demokratiya istəyən, insan haqları uğrunda çarpışan bir qurumda qalması fəlakətdir. Biz hər kəsi, eləcə də talışları fəallığa çağırırıq ki, gedin partiyalara qoşulun, demokratiya uğrunda mübarizəyə dəstək verin. Bu adam isə bölücülüklə məşğuldur».
M.Səfərov iddia etdi ki, H.Əzimov bütün yaradıcılığını ermənilərin fəaliyyətinə həsr edib: «Hacıbaba müəllim deyib ki, kimin kişiliyi çatırsa onun Şaumyanla əlaqəsini sübut etsin. Mən sizi onun «Böyük Oktyabr» əsərinə diqqət yetirməyə çağırıram. Əsərdə Şaumyanı milli qəhrəman çıxarıb. Milli Kitabxanaya gedib baxsınlar.
«Böyük Oktyabr», «Bakı kommunası» kitablarını oxusunlar, doktorluq dissertasiyasına baxsınlar. Onda kimin kim olduğu və kimə xidmət etdiyi sübut olunacaq». O, yekunda bildirdi ki, bu münaqişədə «Yeni Müsavat»ın tutduğu tərəfsiz mövqeyə hörmət edir.
EL rəsmisi Eldəniz Quliyev isə «Yeni Müsavat»a fikirlərini bölüşərkən H.Əzimovun niyə belə etdiyini bilmədiyini dedi: «Əgər mən bildiklərimi açıb töksəm, gərək Hacıbaba Əzimov ölkədə biabır olsun. Mən abrıma qısılıb susuram. O isə abır-həyasını gözləmir. Görünür, onun mənəvi tabusu yoxdur. Guya öz aləmində bizi ifşa edir. Sonra MTN-ni Milli Şuraya dəvət edir. Gərək faktla danışasan. Ona-buna çamur atmaqla, elə-belə faktsız danışmaqla olmur».
E.Quliyev MŞ-nin Koordinasiya Şurasının iclasında bu məsələni qaldıracağını vurğuladı: «Mən bu cür münasibətin Mili Şurada kövrək birliyə və nisbi sakitliyə zədə vurduğunu hesab edirəm. Milli Şura, Müsavat - AXCP, AXCP - «Yeni Müsavat» konfliktlərində birləşdirici mövqe tutmağa çalışıram. Amma deyəsən, kimlərsə konfliktin dərinləşməsində maraqlıdır».