Vaxt.Az

Bankların seçkiqabağı təxribatı


 

Məhkəmə qərarı olmadan vətəndaşların evinin banklar tərəfindən əlindən alınması hansı siyasi dairələrin maraqlarına xidmət edir?

Bankların seçkiqabağı təxribatı Deyilənə görə, Banklar Assosiasiyası qanun layihəsi hazırlayıb. Həmin layihəyə əsasən kreditə görə ipoteka, yəni girov qoyulmuş əmlak (daşınmaz əmlak, avtomobil) məhkəmə qərarı olmadan bank tərəfindən alına bilinəcək. Bu yanaşma ən azı Konstitusiyamızın 29-cu maddəsinin IV hissəsində təsbit edilmiş «Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz» tələbinə ziddir. Layihədə bu tələbdən necə yayınıblar bilmirəm.

Çünki layihə heç yerdə dərc olunmayıb. Bunun özü də çox şeydən xəbər verir. Banklar Assosiasiyası ictimai birlikdir, deməli, fəaliyyətinin prinsiplərindən biri şəffaflıq olmalıdır. Bəs onda niyə layihəni heç yerdə dərc etməyib? Niyə ictimai müzakirədən yayınır? Nədən qorxur?

Böyük ehtimalla Banklar Assosiasiyası layhəni beynəlxalq maliyyə institutlarının (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və s.) rəyi ilə də əsaslandırmağa cəhd edəcək. Həqiqətən də bəzi ölkələrdə girovun məhkəmədənkənar qaydada tutulmasına yol verilir. Lakin həmin bəzi ölkələrdə eyni cinslilərin nikahına da yol verilir – nə olsun ki? Həm də ki, Azərbaycan bankları heç sözügedən imkan olmadan belə əhalinin başına oyun açır, indi gör bundan sonra necə qan udduracaq, sui-istifadələrə yol verəcək və s.

Görəsən, düz 1 ildən sonra keçiriləcək prezident seçkiləri ərəfəsində bankların təşəbbüsü ilə evsiz-eşiksiz qoyulacaq əhalini hökumətdən xeyli narazı salacaq bu layihə kimlərin maraqlarına xidmət edir? Axı Dünya Bankının da, Beynəlxalq Valyuta Fondunun da hansı xarici dairələrin maraqlarına xidmət etməsi hamıya bəllidir. Həmin dairələrin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəkləri yeni deyil, artıq öyrəşmişik. Bəs bizim banklara nə düşüb? Axı bu açıq-aşkar təxribatdır!

Ümid edirəm ki, hökumət bankların bu yeni oyununa getməyəcək…

 





11.09.2017    çap et  çap et