İsi, İsmayıl Əyyub isə mənim 25 illik dostumdur. Hərəkat illərinin uşaqlarındandır, yaxşı proqramçıdır. İndi çox az, hərdən toyda-yasda görüşürük. Amma illər öncə hər günümüz bir yerdə keçərdi. Hər axşam isə 28 may küçəsindəki yerləşən «Moda» kafesinə yığışardıq. İndiki ədəbi nəsil bilməz, «Moda» o vaxtlar şəhərin ən ucuz kafesiydi. Ona görə də jurnalistlər və ədəbi mühit ora yığışardı hər axşam. Heyf, o «Moda»dan.
İndiki kimi yadımdadı, arağı dükandan aldıq. Bufetçi Qeys buna görə bizə heç nə deməzdi. Yeməyə isə toyuq kababı sifariş verdik. Bir də adi salat, yəni pomidor-xiyar. Düzdür, İsinin ürəyindən limonad-filan da keçirdi. Amma maddi ehtiyatlarımız buna imkan vermirdi.
Bunun da bir neçə səbəbi vardı. Əvvəla biz bir araqla doymayacaqdıq. Yarımı içəndən sonra mütləq stola bir «Çubuş» gəlməliydi. «Çubuş»suz olmazdı. «Çubuş» həm stolun bəzəyi, onu içmək isə əvəzedilməz və heç bir hissin ləzzət verə bilməyəcəyi bir ritual idi.
İkinci səbəb də vardı. Söhbət pivədən gedirdi. İçki stolu pivəsiz bitməsəydi, yarımçıq sayılırdı.
...İsi elə bir adamdır ki, onunla hansı mövzuda desən danışmaq olar. Adamın siyasi analizləri də mükəmməldir, texniki bilikləri də. Coğrafiyanı da yaxşı bilir elektrodinamikadan da başı çıxır. Keçmiş AZİ-ni bitirib, amma tutaq ki, folkloru BDU-nun filologiya fakültəsinin tələbələrindən yaxşı bilir. Otursun bir köşə yazsın ki, redaktəyə ehtiyac qalmasın. Futboldan tutmuş biatlona kimi hansı idman növündən desəz xəbəri. İsi həm də pozitiv adamdır. Onunla səhərə kimi söhbət elə, yorulmarsan. Amma səhərə kimi «Moda» da qalmaq fikrimiz yox idi təbii. Yarımı boşaltmışdıq. «Çubuş»u yarı eləyirdik. İsi ənənəvi olaraq şələ bığlarını eşirdi, mən də siqaretə güc vermişdim. Zalda da bizdən başqa bir-iki nəfər vardı. Onlar da bizim kimi dəmləşmişdilər deyə, zalın o başında televizorda görünənlərə fikir vermirdilər. Qeys də gözü dəftərdə nəyi isə hesablayırdı deyə başı qarışmışdı.
Məni də elə İsi fikirdən ayırdı:
- Yaxşı çəkiblər. Gör necə dəydi binaya.
- Hə, baxma ee Hollivuddur, yaradırlar belə şeyləri.
- Kompüter qrafikası başqa şeydir. İçdin pivəni, duraq?
- Duraq.
- Amma bir şeyi başa düşmədim, bu təyyarəni niyə dalbadal göstərirlər? Girdi binaya partladı vəssalam da? Bir kadrı nə qədər göstərərlər?
- Yəqin ssenarisi belədir də. Rejissor belə istəyir, nə bilək biz.
- Hə düz deyirsən, gedək, gec oldu.
Mən İsnin qolundan yapışdım, ya o, dəqiq yadımda deyil. Kafedən çıxıb yırğalana-yırğalana metroya düşdük.
Bir də evə çatanda telekanalları dəyişəndə başa düşdüm ki, sən demə nələr baş verirmiş. Dünyanın düzənini dəyişən bir hadisəni arağın təsirindən kino bilmişik.
Bəlkə də bir kino idi. Və 16 ildir ki, onun digər seriyaları çəkilir… (kulis.az)