Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri ilə bağlı deyib.
Əli Həsənov bildirib ki, Lütfi Zadə təkcə tanınmış alim deyil, həm də bizim dünyaca məşhur soydaşımızdır və Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.
«O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib, dövlət başçımızın şəxsiyyətinə dərin hörmət bəslədiyi, xalqımızın qürur duyduğu şəxs olub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri statusunu daşıyan şəxsin məsuliyyət hissini itirərək, emosiyalara qapılaraq görkəmli alim haqqında belə ifadələr işlətməsi yolverilməzdir», - deyə Prezidentin köməkçisi qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri cəmiyyətdə ciddi mənfi reaksiya doğurdu. Akif Əli istər mediada, istərsə də sosial şəbəkələrdə qınandıqdan sonra öz fikirlərinə görə üzr istəmək məcburiyyətində qaldı.