***
Deyirlər, Əmir Teymur ordusunda fil də saxlayırmış. Filləri ayrı-ayrı kəndlərə göndərirmiş ki, orada saxlasınlar. Fillərdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəmini, bağ-bağatı, bostanı yeyib tələf edir. Kəndlilər filin əlindən lap təngə gəlirlər. Onlar yığılıb mollanın yanına gəlirlər:
- A molla, bu fil bizdə istahat qoymadı, gəl qabağa düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rəhmi gəldi, fili apardı.
Molla razı olur. Onlar Teymurləngin yanına yola düşürlər. Yolda kəndlilər Əmir Teymurun qorxusundan ikibir-üçbir qaçıb dağılırlar. Əmirin qapısına çatanda molla baxır ki, hamı qaçıb, təkcə özü qalıb, öz-özünə deyir:
- Yaxşı, görün sizin başınıza nə oyun gətirəcəyəm. Əmir Teymur ondan soruşur:
- Molla, niyə gəlibsən?
Molla deyir:
- Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmisən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə gəlmişdilər, cəsarət eləyib içəri girmədilər. Xahiş edirik, bir fil də göndərəsən.
Əmir Teymurun mollanın sözündən xoşu gəlir, ona çoxlu ənam verdirir. Əmr eləyir ki, o kəndə bir fil də göndərsinlər.