Bu, nədi? Xəbərdimi? Jurnalistikadımı? Niyə bu günə düşdü jurnalistika? Kim etdi, niyə etdi, necə etdi?
Uşaq vaxtı məni nə az, nə çox, düz iki dəfə it dişləyib. Hələ mən kəndimizdə it dişləməsinə görə «Ginnesin rekordlar kitabı»na düşə biləcək başqa uşaqları demirəm. İtlərin dişlərini 5, hətta 6 dəfə bədənində hiss edənlər olmuşdu. Elə indi də çoxdan ayrıldığım kəndimizdə itlər var və bu sədaqətli heyvanlara hələ də insanları dişləməyin yaxşı bir şey olmadığını başa salan olmayıb.
Bəs Elza Seyidcahana nə deyirsiz? «Elza Seyidcahanın ərə vermək istədiyi pişiyi xərçəngdi, xəstəxanaya yerləşdirilib» - bu, xəbərdimi? Ümumiyyətlə, şeiri, poeziyanı ələ salan, barmağında oynadan bu xanımın yazdığı hər cızma-qaranı ictimailəşdirən, insanlara çatdıran, onları oxumağa məcbur edən biz jurnalistlər deyilikmi? Elza Seyidcahanı zorla gündəmdə saxlayan mətbuat deyilmi? Adam «haha, hihi» oxuyub, yoluna davam edəcəkdi. Biz bu xanımı zorla həm də şairə olmağa məcbur edirik və ya artıq etmişik.
«Bakıda oğlanla qız parkda çəmənə uzanıb sevişdi»... Və başlığın qabağında yekə hərflərlə yazılmış «VİDEO» sözü. Başqalarının həyatına burun soxmağa adət etmiş, ətrafdakıların intim dünyasını erotik filmiymiş kimi izləmək üçün sinov gedən hansısa zavallı yoldan keçərkən iki gəncin otluqda uzandığını, arabir öpüşdüyünü görür və bunu dərhal telefonunun yaddaşına ötürür. Sonra nə olur? Bir neçə gün keçir, bu video sosial mediaya, mətbuata «Bakıda oğlanla qız parkda çəmənə uzanıb sevişdi» başlığı altında bomba kimi düşür. İki gəncin çəməndə uzanması, hətta hərdən öpüşməsi əxlaqsızlıq deyil, ola da bilməz! Əxlaqsız onları çəkən insanlar, o insanların çəkdiyini sosial mediada, mətbuatda yayanlardı! Normal ölkələrdə, cəmiyyətlərdə, hətta burnumuzun dibindəki Gürcüstanda belə, insanlar bu kimi şeyləri çoxdan aşıb, geridə qoyub. O ölkələrdə heç kim başqasının həyatına burnunu soxmur, heç kim başqasının geyiminə baxmır, üzünü, saçını, gözlərini, burnunu, sinəsini, ayaqlarını «UZİ»-dən keçirmir. Bunu etmək əxlaqsızlıqdı, görməmişlikdi. Etməyin, qardaşlar, bacılar, etməyin!
Heyf ki, zəlil günündə olan təkcə ictimai-siyasi mətbuat deyil. Oxşar proses idman mətbuatında da gedir.
«Qarabağ» futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığından xəbər tutmayan olmadı. Əla, çox gözəl! «Qarabağ» uzun illərdi həsrət qaldığımız Qarabağın adını daşıyır, «idman siyasətə qarışmır», «idman elə siyasətin özüdü», ermənilərin ürəyi partlasın və sair və ilaxır. Bütün bunları anladım, siz də anladız. Hətta kimsə «Qarabağ»ın tarixi uğurundan vəcdə gəlib, Bakının küçələrində bütün gün dombalaq da aşa bilər, özünü 12-ci mərtəbədən yerə də atar. Aşsın və atsın. Amma bunu edən jurnalist olmamalıdı! Jurnalist «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun şəklini profilinə qoymamalıdı! Jurnalist status yerinə «Qurban, sənə Qurban» yazmamalıdı! Azərbaycan futbolu «Qarabağ»dan və Qurban Qurbanovdan ibarət deyil. Burda «Qəbələ», «Zirə», «Neftçi», «İnter» var. Burda Roman Qriqorçuk, Ayxan Abbasov, Samir Abasov var. Sabah öz profil yerinə Qurban Qurbanovun şəklini qoymuş jurnalist «Qarabağ»la «Qəbələ» oynayanda, hakim «Qarabağ»ın lehinə haqsız qərar verəndə «Qəbələ»ni müdafiə edəcəkmi? İnandıra biləcəkmi Roman Qriqorçuku? Ki, onu da Qurban Qurbanov qədər sevir, onun da haqqını Qurbanovun haqqını qoruyacaq qədər qoruyacaq. Siz özünüz inanarsızmı buna? Çətin...
Çətin ki, düzələ mətbuatımız. Həmişə dediyimiz «zamanla pislər ələnəcək, yaxşılar qalacaq» deyimi də içi boş qoz kimi çıxdı. Yaxşılar ələnir, pislər qalır. İnanmırsız? Diqqətlə baxın saytlara, sosial mediaya, paylaşımlara. Amma baxarkən burnunuzu tutun, burdan üfunət iyi gəlir.