Fasilədə dostlardan biri zəng edib məni danladı. «Bu nə oyundu» deyə? ««Yuventus» da uduzur, insafın olsun» deyəcəkdim, amma demədim. Çünki «Qarabağ» futbolu hətta bu gecə «Çelsi» nin hansı titullu klub olduğundan xəbərsiz adamlara da sevdirib, bunun yalanı yox. Hamı bu kluba azarkeşlik etdiyini bir vasitə ilə bildirir. Heç «Yuventus» yadamı düşür…?
Bu gecə yazmağın bəlkə də yeri yoxdur. Amma «Qarabağ» çox adamlar üçün indi Qarabağa gedən yol kimidir. Hətta qarşısındakı divarı belə yalın əllə yarmağın mümkünlüyünə inanmaq istəyirlər. Londondakı məğlubiyyəti sinirə bilməyənləri bu baxımdan anlamaq lazım... İnanmazsız, XXI əsrdə belə adamlar var. İstəyirlər «Qarabağ» hətta mümkünsüzü belə etsin ki, sabah elə cəbhədə də bu cür uğurlar başlasın. Nə yaxşı ki, belə adamlar var...Sevinmək lazım…
… Bakıda iki aydan çoxdur yağış yağmır. Londonda isə oyun boyu yağış deyəsən heç kəsmədi. «Qarabağ» bu hesabla uduzmağa layiq komanda deyil. Amma bu gün alınmadı. Heç nə alınmadı… «Qarabağ» kimlə oynadığının psixoloji basqısını üzərindən ata bilmədi. «Çelsi»yə qol vurmaq üçün bütün boşluqları verdilər və onlar da vurdu… vurdu…
Bu hesaba təskinlik üçün söz tapmaq çətin. Ən pisi «Qarabağ» bu gecə meydanda xarakter göstərə bilmədi. Biz «Çelsi»yə 6 top fərqi ilə uduzmaq üçün ÇL qrupuna düşək deməmişdik… Amma bu gecə belə oldu. Qarşıda oyunlar var... Belə oynamamaq lazım...
…Hava proqnozu bu gecə Şuşada yağış yağacağını xəbər vermişdi. Şuşaya Londondakı kimi yağış yağdımı görən…?