Vaxt.Az

«Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun...»


 

Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»

«Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun...» Bakıda fəaliyyət göstərən «26lar» kafesinin bağlanması ətrafındakı ajiotaj davam edir. Azərbaycan Yazıçılar Birliyi tərəfindən icarəyə verilən bu məkan ətrafında ilginc proseslər baş verdi. Öncə qurumun katibi, yazıçı Çingiz Abdullayev sosial şəbəkələrdə və bəzi media orqanlarında Yazıçılar Birliyinin binasındakı «26» adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirdi, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd etdi və kafenin bu formada bağlanmasının doğru olmadığını vurğuladı. Lakin sonra məlum oldu ki, kafe – restoranın (gecə klubu da deyirlər) icarəsindən AYB-yə ayda 8 min manat daxil olur və bu icarə müqaviləsini də kafe-restoran sahibləri ilə imzalayan Ç. Abdullayevin özüdür... 12 sentyabrda isə Yazıçılar Birliyinin yaydığı bəyanatda kafenin icarəsindən alınan məbləğin yazıçıların qayğı, problemlərinə sərf olunduğu açıqlandı.

Musavat.com-un müxbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə söhbətində bu məqamlara aydınlıq gətirməyə çalışdı. Amma xalq yazıçısı söhbətə başlayan kimi medianı, eləcə də qəzetimizi ittiham etməyə başladı.

- «Yeni Müsavat» qəzeti niyə hər zaman Yazıçılar Birliyindən belə yazılar verir? Bunu özünüzdən və öz redaktorunuzdan, redaksiya işçilərindən soruşun, onlar sizə cavab versin. Ondan sonra başqa suallara cavab axtararsız.

 

- Hər halda kafeni bağladan bizim qəzet olmadı... Ona görə də sualın ünvanı biz deyilik.

- Bizim, yəni Yazıçılar Birliyinin bəyanatında sizi maraqlandıran bütün sualların cavabları yer alıb. Amma niyə Yazıçılar Birliyinin üzərinə hücum edilir, bax o sualın cavabını özünüzə verin.

 

- Ortada yetərincə böyük bir məbləğ var. Ayda 8 min manatlıq icarə haqqından söhbət gedirdi və bu, Yazıçılar Birliyinin büdcəsinə gedirdi. Bunun qıcıq doğurması normal deyilmi?

- Xeyr, deyil. O məbləğin necə xərclənməsi bəyanatda da göstərilib. O məbləğ bank vasitəsilə bizim hesaba köçürülür və qəpiyinəcən hara xərcləndiyi qeyd olunur.

 

- Bəyanatınızda qeyd etmisiz ki, «bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır». Amma siz eyni zamanda dövlətdən maliyyələşən qurumsuz, dövlət büdcəsindən sizə vəsait ayrılır. O halda...?

- Bəli, maliyyələşirik. Buranın işçiləri həmin vəsaitdən maaş alırlar, redaktorlar qonorar verirlər. Həmin vəsait qəpiyinəcən ona ayrılır. Amma xəstə şair-yazıçılara dövlət pul ayırmır, yubileyi olan yazıçılara tədbir keçirmək, hədiyyə almaq üçün büdcədən pul ayrılmır. Allah eləməmiş, ölən yazıçıların dəfn mərasimi üçün pul ayırmırlar. O xərclərin hamısı kirayədən gələn pullar hesabına həll olunur.

 

- Bəyanatınızda «toxun acdan xəbəri olmaz» yazmısınız. Kimi və ya kimləri nəzərdə tutursuz?

- Kim özünə götürürsə, götürsün.

 

- Yeri gəlmişkən, bəyanatınız da yetərincə iynəli və sataşmalı idi. Kimlərə söz çatdırmağa çalışırdız?

- İynəli deyildi, sadəcə cavab idi. İllər boyu davam edən, o cümlədən, sizin qəzetdə də ünvanımıza yazılan sancmalara etik, mədəni çərçivədə bir cavab idi.

 

- Anar müəllim, bayaqdan bizi ittiham edirsiniz. Amma xatırlatmaq istəyirəm ki, qəzetlərin kafe boşaltmaq kimi bir səlahiyyəti yoxdur. Ona qalsa, illərdir yazdığımız problemlərin heç də hamısı dərhal həll olunmur.

- Elə qəzetlər başladılar da. Bəs bu böhtanları Yazıçılar Birliyinə illərdir kimlər yazır? Elə biri də siz...

 

- Bizdən çox sizin mövqeyinizi işıqlandıran ikinci qəzet yoxdur. Bu günə qədər bütün mübahisəli məsələlərdə sizdən müsahibə alan mən olmamışam?

- Ay Sevinc, səni illərdir tanıyıram da. Nə qədər bizə sataşmısan? Sən də, Zamin Hacı da. Onun elə bir yazısı yoxdur ki, mənim adımı hallandırmasın. Neynəmişəm e, ona mən? Hər yazısında bir sarsaq şey yazır mənim haqqımda. Yazanda heç olmasa bir ağıllı bir şey yazsın da. Ağıllı bir şey qoy da onun başına. Nə qədər olar axı? Bir dəfə cavab verdim, iki dəfə cavab verdim...Olmaz axı.

 

- Anar müəllim, siz də Hacıbala Abutalıbovu qoyub, jurnalistlərin üstünə hücuma keçmisiniz. Biz kafe bağlatdıranıq? Bizim elə səlahiyyətimiz var bəyəm?

- Kafeni də elə böhtanlarla bağladılar da. İllər boyu yazdınız, yazdınız... Yazıçılar İttifaqı lazım deyil, Yazıçılar İttifaqı pisdir, bağlanmalıdır. Yaxşı daaa.... Bu gün deyirlər ki, Yazıçılar Birliyi bağlana bilərmi? Dedim, Yazıçılar Birliyi bağlanan gün mən banket edəcəm, «Yeni Müsavat» qəzetinin bütün kollektivini də çağıracam ki, gəlib şadyanalıq etsinlər. Bir mədəniyyət ocağı, bir təmiz məkan da bağlansın, mən də sizi təbrik edəcəm.

 

- Ümumiyyətlə, birliyin bağlanma ehtimalı varmı?

- Xeyr, yoxdur. Yazıçılar Birliyi həmişə olub və olacaq. Azərbaycan dövləti nə qədər ki müstəqildir, onun Yazıçılar Birliyi də var olacaq.

 

- «Yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar» yazmısız bəyanatınızda. Ümumiyyətlə, sizdən kim hayıf çıxır ki? Və niyə çıxsın ki?

- Bizi ermənipərəstlikdə ittiham edənlər bu hayfı çıxırlar. Yazırlar ki, Yazıçılar Birliyində anası, arvadı erməni olanlar var. Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret.

 

- Hər halda bu kafe söhbətinin ortaya çıxması ilə Yazıçılar Birliyinin də dövlət tərəfindən onlara ayrılan binanın bir hissəsini kafeyə icarəyə verməsi, buna görə 8 min manat alması gerçəyini öyrəndik. Bunu bu günə qədər bilmirdik və qıcıq doğurması normaldır.

- Niyə qıcıq doğursun ki? Milyonları yeyən adamlarda bu 8 min manat niyə qıcıq doğurur?

 

- Kimdir milyonları yeyən? Hər halda qəzetlər milyon yemir.

- Nə deyim vallah. Hər halda sizə də sifariş verirlər. Bu qədər ardıcıl ki, siz Yazıçılar Birliyindən yazırsınız, bu, səbəbsiz deyil.

 

- İcarəyə verib, ayda bir neçə min manat aldığınız başqa obyektlər də varmı? İndidən bu haqda danışaq ki, sonradan sürpriz olmasın...

- Xeyr, yoxdur. Heç bir obyekt yoxdur. Bu da birinci mərtəbəmiz idi. Ona da heç kimin hüquqi və mənəvi haqqı çatmırdı ki, bizə kirayə verdiyimiz üçün müdaxilə etsin.

 

- Səs-küylü, qəlyanlı kafe... nə dərəcədə...

- (sözümüzü kəsir) Sizin xəbəriniz var ki, bir çox yerlərdə «burda qadınlar üçün qəlyan pulsuzdur» yazılır? Mən getməmişəm, amma mənə bunu deyiblər. Bundan belə nəticə çıxarıblar ki, bura fahişələr gəlir. Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir? Onda onlar da bu təhqirə görə səslərini qaldırsınlar.

 

- Hər halda, Yazıçılar Birliyi və içkili, qəlyanlı məkan... O qədər də xoş paralel deyil və yaraşmadığı da deyilir.

- Yaraşmayan yerdirsə, bizim yardıma möhtac, xəstə yazıçılara bir dənə varlı adam pul ayırsın. Biz də o zaman o yeri icarəyə vermək yerinə orda kitab dükanı, ədəbi kafe, kitabxana açarıq. İcarəyə veririk ki, camaatı dolandıraq da. Yazıçılar Birliyinin 1800 üzvü var. Elə bilirsiz, bunların hamısı öz hesabına dolanır, problemləri yoxdur? Biri xəstələnir, o birinin anası ölür... Min dənə problemləri var. Maaşa baxan adamlarıq, nə edək bəs? Bir dəfə də düzünü yazın da.

 

- Sizə zəng edib, mövqeyinizi öyrənməyimiz heç nədən xəbər vermir?

- Mən səndən çox incimişəm. Mən yaxşını da unutmuram, pisi də. Yadındadır ki, deputatlıq məsələsində sən məndən müsahibə aldın? Mən o müsahibəni bütün kitablarıma salıram. Sən mənə imkan yaratdın ki, ürəyimdəkiləri dedim. Amma ondan sonra sən də, Zamin Hacı da yerli-yersiz, mənasız, səfeh-səfeh sataşmalarınızla...

 

- Mən sizdən yazı yazmamışam, Anar müəllim. Haqsızlıq edirsiz.

- Onların hamısını yığmışam, görərsən. Kitab hazırlayacam, onları da salacam kitaba. Onda görəcəksən ki, məndən yazdığın zəhərli yazılar hansılardır, toplamışam hamısını. Qoy gələcək nəsillər görsünlər, baxsınlar.

 

- Anar müəllim, mətləbə qayıda bilərik? O «26lar»dan boşaldılan məkanı hansı quruma icarəyə verəcəksiz? Bir planınız var?

- Hələ bu haqda düşünməmişik. Qoy bu qalmaqal bitsin, görək nə edirik. Kimə də versək, yenə bir hoqqa çıxaracaqlar. Heç mən oranı icarəyə vermək istəməzdim. İstəyərdim ki, orada ədəbi tədbirlər olsun. Dünyanın çox yerində, Moskvada da var – yazıçılar kafesi. Ora ancaq yazıçılar gəlir. Biz də oranı elə məkan etmək istəyərdik. Amma onun üçün vəsait lazımdır. Vəsaitimiz olsaydı, onu icarəyə verərdik? Oradan öz xeyrimizə bir qəpik götürürüksə, lənət olsun o adama. Niyə adamı belə şərləyirsiniz? Ona görə ki, hərdən kitablar dərc edirik orda? Burdan alınan vəsait xəstələrə, imkansızlara, problemi olan yazıçılarımıza, ölənləri basdırmağa, yubileyi olanlara hədiyyə almağa gedir.

 

- Hacıbala Abutalıbovla danışmaq, məsələni aydınlaşdırmaq imkanınız oldu?

- Xeyr. Heç buna həvəsim də yoxdur. O sözünü deyib, biz də mövqeyimizi bildiririk. İstəsə, buyursun gəlsin, ona klubumuzu, kitabxananı göstərək. Allah uzun ömür versin, bir dəfə prezidentimiz bura gəldi. O zaman bina dövlət büdcəsi hesabına təmir olunmuşdu. Gəldi, baxdı, açılış etdi, xoş sözlər dedi. Ondan aşağı olanlar da bir dəfə gəlib buranı görsünlər də. Milislə, polislə gəlib buranın mebellərini uçurdub dağıtmaqla yazıçılara münasibət göstərmək olar? Hansı ölkədə yazıçılara belə münasibət var? Yazıçılar heç vaxt ciblərini doldurmayıblar, yazdıqları ilə bu xalqa xidmət göstəriblər. Bizimkilərdən çox ermənilər mənə hədə məktubu göndəriblər ki, səni belə öldürəcəyik, kəsəcəyik. Bu da bizimkilərin münasibəti. Nə edib bu Yazıçılar Birliyi insanlara axı? Jurnalistin işi mərdimazarlıq olmamalıdır axı. Jurnalist yaxşı bir işi yazsın da. Yazıçılar Birliyinin heç yaxşı işi olmur? Kitabları çıxır, yazıçılar mükafat alır. Bunları da yazın da. Gərək qurdalayıb ancaq pis şeylər yazasınız? Axı zaman keçəcək, bu yazıları gələcək nəsillər də görəndə tüpürəcəklər. Deyəcəklər ki, bu nə jurnalistika idi, bu nə millət idi ki, jurnalistləri ancaq yazıçıları təhqir etməklə məşğul olub.

 





13.09.2017    çap et  çap et