Vaxt.Az

Bakı kəndlərinin su və kanalizasiya dərdi


 

Sakinlərin canı nə vaxt qurtaracaq?

Bakı kəndlərinin su və kanalizasiya dərdi Azərbaycanda ayrı-ayrı torpaq sahələrinin yüksək ranqlı məmurlar tərəfindən zəbt edilməsi, əraziləri istədikləri qiymətə satması heç kimə sirr deyil. Nəticədə satılan torpaqlarda heç bir plana uyğun olmadan salınan fərdi yaşayış evlərində su və kanalizasiya problemləri yaranır. Bəziləri öz həyətlərində kanalizasiya quyusu qazmaqla problemdən çıxış yolu tapsa da, ümumilikdə məsələ həll olunmamış qalır. Hazırda Bakıətrafı qəsəbələrdə minlərlə sakin içməli su və kanalizasiya problemindən əziyyət çəkir.

Məsələ ilə bağlı Modern.az-a danışan «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, dövlət başçısı ölkə ərazisində su və kanalizasiya sistemlərində işlərin görülməsilə bağlı 8 sərəncam imzalayıb: «Sərəncamdan irəli gələrək, Binəqədi, Novxanı, Mehdiabad, Mərdəkan, Şağan, Şüvəlan, Binə, «28 May» qəsəbələrində su və kanalizasiya xətləri yenidən qurulacaq. Məsələn, Mərdəkan qəsəbəsində 15 kilometr su xətti, 2 kilometr kanalizasiya xətti çəkiləcək. Şüvəlanda 10, 6 kilometr su şəbəkəsi, Şağanda 9 kilometr, Binədə 2,5 kilometr su şəbəkəsi çəkiləcək».

A.Cəbrayıllı bildirib ki, Bakıtrafı kənd və qəsəbələrdə 800 kilometrdən artıq yeni su xətti istifadəyə verilib: «Ən uzun su xətti Balaxanıda 130 kilometrdir. Bu işlər çərçivəsində heç vaxt su almayan Pirallahı, Qalaya su verilib. Hazırda Abşeron ətrafında üç beynəlxalq layihə icra olunur. Badamdar qəsəbəsində su və kanalizasiya sistemlərinin yenilənməsinin birinci mərhələsini bu ilin sonuna yekunlaşdırmağı planlaşdırırıq. Xırdalan şəhərində su və kanalizasiya sistemlərinin yenidənqurulması işlərinə bu ilin iyun ayında start verilib. Bunlarla yanaşı, Pirşağı çirkab su təmizləyici qurğusunun tikintisi həyata keçirilir».

Onun sözlərinə görə, Ceyranbatan xətti üzrə ümumilikdə 89 400 nəfərə ilk dəfə su verilib: «Hazırda «Azərsu» ASC 60-dan çox qəsəbə, kənd və yaşayış massivində müvafiq işlər həyata keçirir. Gülüstan qəsəbəsində 8100 nəfərə, Balaxanıda 12700 nəfərə, Yasamalda 2400 nəfərə, Binədə 9800 nəfərə, Buzovnada 8700 nəfərə, Şağanda 8900 nəfərə, Şüvəlanda 3600 nəfərə, Mərdəkanda 8900 nəfərə, Qalada 5800 nəfərə, Zirədə 5800 nəfərə, Türkanda 3200 nəfərə, Pirallahıda 16 min nəfərə ilk dəfə şirin su verə bilmişik.

Ceyranbatan xətti üzrə ümumilikdə 89400 nəfərə ilk dəfə su verilib, 2900 nəfərin su təchizatı yaxşılaşdırılıb. Məsələn, Digah qəsəbəsi həftədə bir dəfə su alırdı, amma indi qəsəbədə hər gün su var. Kürdəxanı qəsəbəsində Koreya hökumətinin qrantı hesabına qurulan yenidənqurma işləri nəticəsində 14 min sakin 24 saat su alır».

 





13.09.2017    çap et  çap et