Vaxt.Az
Bələdçilərin cins məsələsi bitmir
Dəmiryol idarəsisə etirazları əsassız sayır
Xəbər verildiyi kimi, «Azərbaycan Dəmir Yolları» QSC-nin kişi bələdçiləri yanvarın 11-də etiraz aksiyası keçirmişdilər. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə qadın bələdçilərin yerləşdirilməsi idi.Dünən saytlarda kişi bələdçilərin daha bir şikayəti dərc olunub. Onların sözlərinə görə, «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyi bələdçilərə 2 ədəd sabun və tualet kağızı verib: «Keçirdiyimiz etiraz aksiyalarından sonra bizə söz veriblər ki, iş saatlarımızı artıracaqlar.
Əslində bu, bizim normal haqqımızdır. 168 saat iş saatımız olmalıdır, bizə deyiblər ki, guya bunu bərpa edəcəklər, amma bu da inandırıcı deyil. Qatarlarda sərnişinlərin tələbatlarını qarşılamaq üçün bir çox vəsait çatmır. Bununla bağlı şikayətlərimizin qarşılığında bizə iki ədəd sabun və tualet kağızı veriblər. İki ədəd 11 qəpiklik sabunla, tualet kağızı ilə bütün qatarın tələbatı ödənilirmi? Bu, bizi ələ salmaqdan başqa bir şey deyil.
Qatarın təmizlənməsi üçün kimyəvi maddələr, şampunlar və bu kimi bir çox ləvazimat lazımdır. Sərnişinlərin tələbatlarını qarşılamaq üçün xərclənən pul hələ də öz cibimizdən gedir. Biz yanvarın 13-də Prezident Administrasiyasına müraciət etmişik. Yanvarın 23-də Nazirlər Kabinetindən onlara ünvanladığımız şikayətlə bağlı cavab gəlməlidir. Əgər bu cavablar bizi qane etməsə, tələblərimiz, iş rejimimiz təmin edilməsə, yanvarın 25-də aclıq aksiyasına başlayacağıq. Bizim bundan başqa yolumuz qalmır».
«Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişindaşımaları Departamentinin rəisi Elyar Muradov isə kişi bələdçilərin şikayətini əsassız sayır: «Kişi bələdçilərin maaşları işlədikləri iş saatına görə müəyyən olunur. Bu, qrafiki işdir. Burada iş saatını artırıb-azaltmaq olmur. Əvvəl necə işləyirdilərsə, indi də o cür işləyirlər. Qatar gəlir, vaqonlarını təmizləyib yola düşürlər, sonra da istirahət saatları olur. Burada iş saatını necə artıraq?! Onların şikayətlərinin heç bir əsası yoxdur. Onların əksəriyyəti həftədə orta hesabla 150 saatdan çox işləyirlər.
Eyni zamanda sabun və salfetlər bələdçilərə yox, sərnişinlərə verilir. Sabunlar ayaqyoluna qoyulur və sərnişinlər ondan istifadə edir. Və hər qatara 2 sabun bəs edir. Onlar isə istəyirlər ki, biz çox sabun verək, işlənməyən sabunları da satsınlar. Kişi bələdçilərin məqsədi budur. Onların tutarlı və haqlı tələbləri olsa, təmin edərik».
Sərnişindaşımaları Departamenti rəisinin fikrincə, kişi bələdçilərin məqsədi xarici ölkələrə gedən qatarlarda işləməkdir: «Onlar istəyirlər ki, Xarkova getsinlər, qatarın hissələrini söksünlər, daşınması qadağan olunan məhsulları sərhəddən keçirsinlər. Əlavə qazanc əldə etmək istəyirlər, xidmətə işləmək istəmirlər. Qadın bələdçilər onlardan daha yaxşı işçidir. Vaqonları daha təmiz saxlayır, sərnişinlərlə daha xoş rəftar edir, üzərilərinə düşən xidməti vəzifəni daha dürüst yerinə yetirirlər».
23.01.2014 çap et