Məqalədə deyilir ki, bu, xanım Klintondan Trampa qarşı irəli sürülmüş ən ağır ittihamdır. Demokrat namizəd deyib ki, Trampın yaxın çevrəsi Rusiyanın seçkiyə müdaxiləsinə kömək edib.
Hillari Klinton bu sözləri özünün 495 səhifəlik «Nə baş verib?» (What Happened) kitabının təqdimatı zamanı deyib.
Klinton bu kitabda Trampı «mənfur və açıq-aşkar seksist» adlandırır. O yazır ki, «Tramp bu ölkə və dünya üçün aşkar və real bir təhlükədir». Klinton qeyd edir ki, "bu fırıldaqçı və yalançı onun tüklərini ürpədir».
«USA Today» qəzetinə Rusiya əlaqələri barədə müsahibə verən xanım Klinton deyib ki, «Burada qəti şəkildə kommunikasiya və anlaşma olub».
«Mənim buna heç bir şübhəm yoxdur: Putin mənim məğlubiyyətimi və Trampın qələbəsini istəyirdi» - deyib keçmiş birinci ledi və keçmiş dövlət katibi.
Rusiya ilə Tramp arasında sövdələşmənin olub-olmadığı barədə suala Klinton «əminəm ki, olub» cavabını verib.
«The Telegraph» yazır ki, Tramp kampaniyası və Rusiya arasında əlaqələri hazırda xüsusi prokuror Robert Müller (Robert Mueller) və Konqresin bir neçə komitəsi araşdırır.
Klinton öz kitabında yazır ki, Müllerin təhqiqatı «Watergate» qalmaqalının təhqiqatından daha ciddidir. O həmçinin deyib ki, Putin ondan «şəxsi qisas» alıb.
Klinton yazır: «Mən təkcə Donald Trampa qarşı yarışmırdım. Mən Rusiyanın kəşfiyyat aparatı ilə üzbəüz idim… Bu normal siyasət oyunu deyildi. Bu, başqa söz tapa bilmirəm … müharibə idi».
Hillari Klinton kitabında habelə FTB-nin o vaxtkı direktoru Ceym Komini (James Comey) tənqid atəşinə tutur. Komi seçkiyə bir neçə gün qalmış Klintonun e-maillərinə dair təhqiqatın başlandığını elan etmişdi. Klinton öz partiyadaşı Berni Sandersi (Bernie Sanders) də ittiham edir.
O yazır: «Bunlar hamısı mənə qarşı gələn qüvvələr idi. Mən Sandersdən və onun tərəfdarlarından gözlədiyim dəstəyi görmədim və bu, çox ağırdır».
Klinton kitabında Trampın yanaşmasını Corc Oruellin (George Orwell) «1984» əsərinə bənzədir və yazır ki, o «həqiqətə qarşı müharibə» aparırdı.
Kitabda deyilir ki, «məhz sovetlər özlərini bu cür aparır, tarixi fotolardan siyasi dissidentləri silirdilər».
Xanım Klinton bildirib ki, o məğlubiyyətin ardınca antidepressant həblərdən imtina edib və əvəzində Çardonney (Chardonnay) şərabı içib.
Donald Trampa gəlincə isə, o bu hadisəyə də «Twitter»də münasibət bildirib: «Başqalarının məni tanımadan mənim haqqımda kitab, böyük-böyük məqalələr yazmasını görmək heyrətamizdir. SAXTA XƏBƏRLƏR».
Ağ Evin mətbuat katibi Sara Sanders (Sarah Sanders) isə deyib ki, xanım Klintonun siyasi həyatının son fəslini «saxta və məsuliyyətsiz hücumlara» həsr etdiyini görmək kədərlidir.