Vaxt.Az

«Bizim yaralı yerimizdir»


 

Qurban Qurbanov: «Mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır»

«Bizim yaralı yerimizdir» «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında «Çelsi»yə məğlubiyyətdən (0:6) sonra mətbuat konfransı keçirib. VAXT.AZ apasport.az-a istinadən xəbər verir ki, britaniyalı jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandanın tarixi barədə də onlara məlumat verib.


- Çempionlar Liqasında və Azərbaycan Premyer Liqasında hədəfiniz nədir?

- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da bacardıq.


- 2008-ci ildən «Qarabağ»ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandanı böyük uğura daşıdınız...

- Dəyərli suala görə çox sağ olun. «Qarabağ»ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdir. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik.


- «Qarabağ»ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdir?

- Bu, bizim üçün böyük uğurdur. Çempionlar Liqasının qrupuna düşmək vəzifəsinin öhdəsindən gəldik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.


- «Qarabağ» azarkeşlərinin çoxu bu gün klubun formalarını geyinməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?

- Yəqin ki, bu komandanın tarixini bilirlər, «Qarabağ» adının mənasını dərk edirlər. Bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədir, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Biz azərbaycanlı kimi, «Qarabağ»da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram.

 





13.09.2017    çap et  çap et