Vaxt.Az

«Rəşad «ulduz xəstəliyi»nə tutulacaq yaşda deyil»


 

Tanınmış futbol azarkeşi: «O, «Qarabağ»dan ayrılsa, uçuruma gedəcək»

«Rəşad «ulduz xəstəliyi»nə tutulacaq yaşda deyil» Son günlərdə Azərbaycan futbol ictimaiyyətində ən çox danışılan mövzu «Qarabağ»dır. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Azərbaycan futbol tarixində ən böyük uğura imza atdı. «Qarabağ»ın hər uğurlu çıxışından sonra isə «köhlən atlar»ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisinin «sükanı arxasına» keçəcəyi barədə söz-söhbət bir az da artır. Millimizin baş məşqçisi Robert Prosineçkinin müqavilə müddətinin başa çatacağı dekabr ayı yaxınlaşdıqca, bu iddialar daha da güclənir. Bir müddət öncə tezliklə futbolçu karyerasını bitirəcəyini deyən Rəşad Sadıqov üçün də yeni iddialar ortaya atıldı. Hazırda Ağdam təmsilçisinin kapitanı olmaqla yanaşı, həm də klubun U-19 komandasının baş məşqçisi olan Rəşadın «Neftçi» və ya U-21 millimizin «sükanı arxasına» keçəcəyi barədə yeni iddialar gündəmi zəbt edib.

Tanınmış futbol azarkeşi İlqar Həmzəyev Qurban Qurbanov və Rəşad Sadıqov ətrafında yaranan iddialarla bağlı Komanda.az-a öz fikirlərini bildirib. Onun fikrincə, Qurbanovun «Qarabağ»dakı missiyası artıq bitib: «Çempionlar Liqasının yeni reqlamentinə əsasən, «Qarabağ»ın növbəti illərdə bu turnirin qrup mərhələsinə düşməsi möcüzə olar. Qurban Qurbanov bu il «Qarabağ»ı qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə çıxarmaqla öz missiyasını başa vurdu. Bundan sonra onun «Qarabağ»da bu uğuru təkrarlayacağı inandırıcı görünmür. Buna görə, məncə, Qurbanov öz nüfuzuna xələl gətirməmək üçün qrup mərhələsinin oyunlarından sonra Ağdam təmsilçisini tərk etməlidir. O, bundan sonra öz uğurlarını millidə davam etdirməlidir. Əsas məqsəd isə AÇ-2020-yə vəsiqə olmalıdır. Qurbanov millidə bu tapşırığın öhdəsindən gəlsə, bu, onun uğurlarının davamı olar. Lakin «Qarabağ»da qalaraq, növbəti illərdə Avropa Liqasının qrup mərhələsində iştirak etsə, bu, geriyə addım olacaq. Hətta Avroliqanın 1/16, 1/8 final mərhələsinə yüksəlməyi belə, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqədən aşağı nəticə hesab edirəm. Dediyim kimi, ÇL-in yeni reqlamentinə əsasən, «Qarabağ»ın növbəti mövsümlərdə bu turnirin qrup mərhələsinə düşməsi möcüzəyə bənzəyir. Bundan o tərəfə daha böyük uğur yoxdur. Buna görə, Qurbanov millinin «sükanı arxasına» keçməlidir. Lakin AFFA ona Berti Foqtsa etdiyi kimi, uzun müddət şans verməlidir. Qurbanov «Qarabağ»da olduğu kimi, millidə də uzunmüddətli şans qazanmalıdır. Ona öz komandasını formalaşdırmaq üçün vaxt verilməlidir. Əsas məqsəd isə AÇ-2020-yə və DÇ-2022-yə vəsiqə olmalıdır. Azarkeşlərin də onu sevdiyini nəzərə alsaq, Qurbanovun millidə də klubdakı uğurlarını təkrarlayacağına inam bir az da artır».

Tanınmış azarkeşin fikrincə, Qurbanovu «Qarabağ»da məhz Rəşad Sadıqov əvəz etməlidir: «Qarabağ»da isə Qurban Qurbanovu Rəşad Sadıqov əvəz etməlidir. Rəşad Azərbaycan futboluna çox xeyir verib, ona böyük hörmətim var. Ölkə səviyyəsində güclü futbolçudur. Amma məncə, son dövrlər onun xidmətləri mətbuatda bir qədər çox şişirdilir. Təkcə Sadıqov yox, həmçinin başqa azərbaycanlı futbolçular da göylərə qaldırılır. Fikrimcə, bu, düzgün deyil. Düzdü, Rəşad «ulduz xəstəliyi»nə tutulacaq yaşda deyil. Məşqçi kimi gələcəkdə Qurban Qurbanov səviyyəsinə qalxa bilər. Ancaq oyunçu kimi... Məsələn, qonşu Gürcüstanı götürək. Vaxtilə «Milan»ın əsas heyət üzvü olan Kaxa Kaladzeni misal göstərək. Çempionlar Liqasının qalibidir. Belə çıxır ki, Kaladzeyə Gürcüstanda heykəl qoyulmalıdır? Ümumiyyətlə, Gürcüstandan bir çox futbolçular Avropanın böyük beşlik ölkələrində özlərinə karyera qurublar. Bizdə isə azərbaycanlı oyunçular heç cür bu cür klublarda özlərinə yer edə bilməyiblər. Həmçinin də Rəşad Sadıqov. O, bir neçə dəfə Türkiyədə oynasa da, bundan yüksək çempionatda top qovmayıb. Məhz buna görə, onun oyunçu kimi böyüdülməsinin əleyhinəyəm. Düzdü, Azərbaycan səviyyəsində yaxşı futbolçudur, daim komandanın liderlərindən olub. Ancaq o, burda sadəcə olaraq, öz vəzifəsini yerinə yetirib. Yəni maaş aldığı kluba tam xidmət edib. Uğurlu futbolçu kimi qəbul olunmaq üçün isə Avropada oynamalı idi. Amma məşqçi kimi daha uğurlu ola bilər. Bunun üçün o, «Qarabağ»ın «sükanı arxasına» keçməlidir. Futbolçu kimi olmasa da, məşqçi kimi Avropa uğur qazana bilər. Qurban Qurbanov da MDB səviyyəsində futbolçu olub. Lakin məşqçi kimi fəaliyyəti, uğurları ilə Avropada da uğur qazandı. Rəşad da Qurbanovun yoluyla irəliləyə bilər».

Həmzəyev Rəşad Sadıqovun «Qarabağ»dan başqa yerdə çalışacağı halda, uçuruma gedəcəyini də bildirir: «Onun U-21 millimiz və ya «Neftçi»nin «sükanı arxasına» keçəcəyi barədə xəbərlər yayılıb. Lakin məncə, o, «Qarabağ»dan ayrılsa, uçuruma gedəcək. Cavan kadrdır, başqa yerə gedib, özünü yandırmasın».

 





13.09.2017    çap et  çap et