Vaxt.Az

Prezidentdən QHT-lərə töhfə


 

Vətəndaşlar dövlətin idarə olunmasında iştiraka və nəzarətə cəlb ediləcək

Prezidentdən QHT-lərə töhfə Prezident İlham Əliyev bu günlərdə «İctimai iştirakçılıq haqqında» qanunun tətbiqi barədə fərman imzalayıb. Bəs, QHT təmsilçilərinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə kimi qiymətləndirdikləri bu qanun özündə nəyi ehtiva edir?
Məlumat üçün bildirək ki, sözügedən qanun layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının sifarişi ilə «Konstitusiya» Araşdırmaları Fondu tərəfindən hazırlanıb. Fondun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev «Gündəlik Teleqraf» qəzetinə açıqlamasında qanun layihəsini vacibliyini bu cür əsaslandırıb: «Bu qanun vətəndaş cəmiyyətinin dövlət orqanlarının fəaliyyətində geniş iştirakçılığını təmin etmək məqsədi daşıyır. Eyni zamanda Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyinin həyata keçirilməsinə cəlb edilməsi məqsədilə daimi əsasda institusional təsisatların yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, bu qanun həcm etibarilə böyük olmasa da, mahiyyət və məzmun etibarilə çox əhəmiyyətlidir. Çünki burda əsas məqsəd vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, məhkəmə və yerli icra hakimiyyəti, yerli özünüidarə orqanlarının fəaliyyətə ictimai nəzarətin həyata keçirilməsidir. İctimai nəzarət əslində cəmiyyətin dövlət orqanlarının fəaliyyətinə verdiyi ictimai qiymətdir».
Ə. Nuriyev bildirib ki, «İctimai iştirakçılıq haqqında» qanun, demək olar, keçmiş SSRİ və ümumiyyətlə Şərqi Avropada belə formada hazırlanan ilk qanun layihəsidir.
«Prezident İlham Əliyevin «İctimai iştirakçılıq haqqında» qanunun tətbiq edilməsi ilə əlaqədar imzaladığı fərman cəmiyyətimizin və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektorunun təmsilçiləri adından cənab prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm».
Bunu isə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev özünün Facebook sosial şəbəkəsindəki profilində yazıb. A.Quliyev bildirib ki, prezidentin dəstəyilə yüksək demokratik prinsiplər və beynəlxalq standartlar səviyyəsində hazırlanmış bu qanun Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində fəal iştirakını təmin edən çox mühüm bir sənəddir: «İmzalanan bu qanun indiyə kimi Azərbaycanda həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Fərmanda müəyyən edildiyi kimi, qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərinin Azərbaycan prezidentinin həyata keçirməsi məhz cənab prezidentin bu qanunun tətbiqindən çox ciddi ictimai-siyasi nəticələr gözlədiyinin və buna böyük inam bəslədiyinin bariz göstəricisidir».
 





23.01.2014    çap et  çap et