Vaxt.Az

Neft bazarında balans


 

Qiymətlər 55 dolları keçdi

Neft bazarında balans Beynəlxalq Enerji Agentliyi dünya neft bazarında balansın yaranmağa başladığını açıqlayıb. Buna ABŞ və Avropada xam neftə tələbatın artması, OPEK və kartelə üzv olmayan ölkələrin neft hasilatını azaltması səbəb olub.

APA TV-nin xəbərinə görə, agentlik 2017-ci ildə neftə gündəlik tələbatın artım proqnozunu da yeniləyib. Yeni proqnoza əsasən, dünyada neftə gündəlik tələbatı 1,6 milyon barel artacaq. Əvvəllər bu rəqəm 1,5 milyon barel olaraq müəyyənləşmişdi.

Ötən ay OPEK ölkələrində gündəlik neft hasilatı 32,67 milyon barelə enib. Buna Liviyadan neft nəqlində yaranan fasilələr təsir göstərib. Avqust ayında «OPEK+» formatında imzalanan sazişə 82 faiz əməl olunub ki, bu da iyulun müvafiq göstəricisindən 7 faiz artıqdır.

Agentliyin son hesabatı neftin qiymətinin 55 dolları keçməsinə səbəb olub. Birjalarda «Brent» markalı neft 55,08 dollardan, Qərbi Texas nefti isə 49,20 dollardan satılır. İki marka arasında fərq yenə də 6 dollara yaxındır. Bu, qiymətlərə ABŞ-dan qaynaqlanan amillərin təsirinin iki dəfə azalması deməkdir.

ABŞ Energetika Nazirliyi ötən həftə ölkənin kommersiya neft ehtiyatlarının həcminin 5,9 milyon barel artaraq 468,2 milyon barelə çatdığını açıqlayıb. Neft analitikləri isə artımın 3,2 milyon barel olacağını gözləyirdi. Həftə ərzində ölkədə benzin ehtiyatları rekord həddə - 8,4 milyon barel azalaraq 218 milyon barelə düşüb. Bu, neftayırma zavodlarının fəaliyyətini bərpa edə bilməməsi, anbarlarda xam neft ehtiyatlarının toplanması ilə izah edilir.

 





14.09.2017    çap et  çap et